Hər il dəm qazından zəhərlənmə ilə bağlı problem qaldırılsa da ölüm hallarının sayı azalmır. Araşdırmalar göstərir ki, zəhərlənmələr təhlükəsizlik qaydaları pozulduğu üçün baş verir. Mütəxəssislər bu halların səbəbini tüstü bacalarının təmizlənməməsində görür.
Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov Modern.az-a bildirib ki, təmizləmə işləri aparılmadığı üçün tüstülər bacalardan normal qaydada çıxmır və nəticədə dəm qazından zəhərlənmələr baş verir:
“Hadisənin kökü isə insan faktorudur. Gündə 20-30 avtomobil qəzası olur, çünki bizim millət qanunlara tabe olmağı xoşlamır. Hər sahənin özünün qanunu, standartı var. Hamı özü bildiyi kimi iş görür, kustar üsulla hazırlanmış cihazlardan istifadə edirlər. Rezin borular ilə quraşdırma edirlər, qazı açıq qoyub yatırlar.
Uçuq bir daxma tapan kimi orada qaz cihazları quraşdırır, hamam tikirlər. Standart var 15 kubmetr həcmində olan dördgözlü soba quraşadırılmalıdır. Ölüm hallarının çoxu hamamlarda qeydə alınır. Hamamxananın ventilyasiya kanalı, təbii işıq mənbəyi olmalıdır. Evlərdə də ventilyasiya kanalı olmalıdır ki, o kanal vasitəsilə havalnadırma olsun. Köhnə cihazlar tapırlar, tüstü bacasını illərlə təmizləmirlər ona görə də bu cür fəsadlar yaranır".
Ekspert insanları qazla ehtiyatlı olmağa, həyatlarını riskə atmamağa səsləyib:
"Avtomobil nəqliyyatında sürət qoyurlar ki, 200km/saat, bu o demək deyil sən mütləq şəkildə həmin sürətlə avtomobili sürməlisən. Qazdan istifadə qaydlarında da belədir. Nə qədər maariflindirmə işi aparılsa da, insanlar məhəl qoymur. İşini bilməyən adama qazı quraşdırırlar, canlarını heçə sayırlar. Dəfələrlə demişik ki, yatanda dəm qazlarını söndürüb yatın, uşaqları və yaşlıları hamamxanada tək qoymayın. Tüstü bacalar ildə ən azı iki dəfə təmizlənməlidir, vətəndaşlar bunları öz sağlamlıqları üçün etməlidir".