Rusiya Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanımaq qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
“Müstəqillik elan olunandan bəri Ukraynadan maddi dəstək üçün Rusiyaya çoxsaylı müraciətlər gəlməyə başlayıb. 1991-2013-cü illərdə Rusiyanın müxtəlif yardımlarından Ukrayna büdcəsi üçün ümumi fayda, ekspert hesablamalarına görə, təxminən 250 milyard dollar təşkil edib. Aydın idi ki, Ukrayna hakimiyyəti Rusiya ilə bağlı bütün hüquq və üstünlüklərə malik olacaq, lakin heç bir öhdəlik daşımayacaq şəkildə hərəkət etməyə üstünlük verəcək. Tərəfdaşlıq əvəzinə, Kiyev hakimiyyəti tərəfindən bəzən tamamilə qeyri-rəsmi xarakter alan asılılıq üstünlük təşkil etməyə başladı. Enerji tranziti sahəsində daimi şantajı və bayağı qaz oğurluğunu xatırlamaq kifayətdir”, - deyə Putin xalqa müraciətində vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyinin” tanınması zəruridir:
“2014-cü il mayın 2-də Odessada baş vermiş faciəyə görə məsuliyyət daşıyanların adları məlumdur, onların tapılıb məsuliyyətə cəlb olunması üçün hər şey ediləcək. Donetsk və Luqanskın müstəqilliyini tanımağı vacib hesab edirəm”.