“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilib.
Modern.az xəbər verir ki, ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev təlimin əsas məqsədinin KİV nümayəndələrinin gəmiçilik barədə daha dolğun məlumatlandırılmasından ibarət olduğunu bildirib.
M. Mehdiyev qeyd edib ki, jurnalistlərin bu sahə haqqında daha dolğun məlumat əldə etmələri üçün təlim çox yararlıdır:
“Hazırlanan jurnalist materiallarında sahənin spesifik xüsusiyyətlərinin, dənizçiliklə bağlı əsas çağırışların, eləcə də bu istiqamətdə görülən işlər barədə məlumatların cəmiyyətə düzgün çatdırılması məqsədilə media institutları ilə əməkdaşlığın gücləndirilməi üçün belə bir təlim təşkil olunub”.
Medianın İnkişafı Agentliyi jurnalistlərin peşəkarlığının artırılmasına, onların sahəvi biliklərin inkişaf etdirilməsinə, dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının gücləndirilməsinə xüsusi önəm verir və bunu daim diqqətdə saxlayır.
Bu sözləri təlimdə iştirak edən Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova deyib.
P.İbrahimova çıxışı zamanı qeyd edib ki, müxtəlif qurumlarla birgə mütəmadi təlimlər təşkil olunur:
“ASCO ilə birgə keçirilən təlimin də jurnalistlər üçün faydalı olacağını əminliklə deyə bilərik”.
Təlim çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, “Dəniz naviqasiyası“ kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyev jurnalistlərə gəmiçilik haqqında materiallar hazırlanarkən nəzərə alınması vacib olan məqamlar haqqında bir sıra məlumatlar veriblər. Bundan başqa, təlimçilər ASCO-nun dəniz nəqliyyatı sahəsində rolu, gəmiçilik fəaliyyəti ilə bağlı yerli və beynəlxalq tələblər, bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə təqdimatlarla çıxış ediblər.
İnteraktiv formada keçən təlim zamanı jurnalistlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda təlimdə iştirak edən jurnalistlərə ASCO və MEDİA adından sertifikat təqdim olunub.