Hazırda Ukrayna və Rusiya arasında qızğın döyüşlər davam edir. Müharibənin 8-ci günü yaşanır. Hər iki tərəfdən çoxlu sayda itkilərin olduğu, xeyli hərbçi və mülki şəxslərin yaralandığı deyilir. Dünya ölkələrinin müharibənin dayandırılması barədə çağırışlarına baxmayaraq, Rusiya qoşunları inadla əməliyyatlardan geri çəkilmir. Ukrayna isə bütövlükdə müdafiə olunmaqla düşmənə müqavimət göstərir.
Bildiyimiz kimi, Ukraynanın hazırki lideri Volodimir Zelenski böyük siyasətə aktyorluqdan gəlib. O, rol aldığı filmlərdə sevildiyi kimi ölkə lideri olaraq da xalq tərəfindən böyük rəğbətlə qarşılanır.
Azərbaycanın Xalq artisti Rasim Balayev keçmiş aktyor həmkarı və Ukrayna-Rusiya müharibəsi barədə fikirlərini Modern.az-la bölüşüb.
Onun fikrincə, Zelenskinin aktyorluq məharəti onun Prezident seçilməyində böyük rol oynayıb:
“Xalq onu sevib, güvənib və səs verib. İndi də xalqla birlikdə olduğu üçün, siyasi fəaliyyəti ilə cəmiyyətin hörmətini qazandığı üçün dəstəklənir. Vaxtilə aktyor siyasətçilər də olub. Xalqının yanında olduğuna görə bir aktyor kimi onu dəstəkləyirəm. Mənim siyasətdən başım çıxmır, ancaq bu sahəni sevib, siyasətçi olmaq istəyənlər də olub. Reqan aktyor idi, ancaq SSR-ni dağıdıb, Arnold Alois Şvartsenegger Kaliforniyanın meri oldu. Cəmiyyətin ona, onun isə cəmiyyətə dəstəyi göstərir ki, xalq tərəfindən çox sevilir. Müharibəni izləyirəm, baxıram ürəyim ağrıyır”.
R.Balayev vurğulayıb ki, səbəbsiz müharibə uşaq ölümlərinin sayını artırır, bu isə terrordur:
“Bu dünya nə Rusiyanın, nə Ukraynanın, nə də Amerikanındır. Heç nədən ötrü bir-birlərini qırırlar, uşaqlar, qadınlar öldürülür. Bu ya nadanlığın əlamətidir, ya da insanlar quduranda belə edir. Biz də mübarizə aparırdıq, bizim mübarizəmiz öz ərazimizi geri qaytarmaq idi. Luqanskı, Donetsk sənin nəyinə lazımdır? O böyüklükdə dövlətin var, təyyarə ilə ölkənin bir ucundan o biri ucuna 8 saata çatırsan. Səbəbsiz yerə Ukrayna xalqı öldürülür, Rusiya artıq durmalıdır. Ümid edirəm ki, tez bir zamanda bu müharibəyə son qoyular”.