Azərbaycanın elm və təhsilinin, ali pedaqoji fikrinin görkəmli simalarından biri, dəyərli ziyalı, prinsipial vətəndaş mövqeyini daim ortaya qoyan vətənpərvər şəxsiyyət, kimya elmləri doktoru, "Şöhrət" ordenli, professor İsmayıl Əhmədəli oğlu Əliyevin həyat yolunu nəzərdən keçirdikcə, sanki, çətinlik və xoşbəxtlik dolu illərdən süzülüb gələn kamillik və müdriklik kitabını vərəqləyirsən.
İsmayıl Əliyev 1947-ci il fevral ayının 27-də qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının Mığrı rayonunun Nüvədi kəndində dövrünün çox qabaqcıl ziyalılarından biri olan Əhmədəli müəllimin ailəsində dünyaya göz açmışdır. 1954-1961-ci illərdə Nüvədi kənd yeddiillik məktəbində təhsil almış, kənddə orta məktəb olmadığı üçün orta təhsilini həmin kənddə axşam növbəli kəndli-gənclər məktəbində davam etdirmiş və 1965-ci ildə məktəbi "qızıl medal"la bitirmişdir.
O, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul imtahanında ixtisas fənnindən əla qiymət almaqla daxil olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini kimyaçı, kimya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib təyinatla kafedrada baş laborant vəzifəsində saxlanılmışdır. 3 ay baş laborant vəzifəsində işlədikdən sonra 1970-ci ildə universitetdə "Üzvi kimya" ixtisası üzrə imtahan verərək müsabiqə yolu ilə əyani aspiranturaya qəbul olmuşdur. Aspirantura dövründə çox böyük həvəs və maraqla tədqiqata başlamış, akademik Əli Quliyevin rəhbərliyi ilə dissertasiya işini tamamlayıb, 1976-cı ildə Azərbaycan Dövlət Universitetində 02.00.03 – Üzvi kimya ixtisası üzrə "İkivalentli kükürdün aromatik törəmələrində elektron effektlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi almışdır.
Sonralar Üzvi kimya kafedrasında müəllim, baş müəllim kimi çalışan İsmayıl Əliyev kimya elminə həsr olunmuş jurnallarda bir sıra sanballı elmi məqalələr nəşr etdirmiş, istər respublikamızda, istərsə də, keçmiş SSRİ məkanında kimyaçı alim kimi formalaşmağa başlamışdır.
Professor İsmayıl Əliyev kimyaçı alim kimi keçmiş SSRİ-nin qabaqcıl ali məktəbləri, elmi-tədqiqat institutları ilə əlaqələr yaratmış, elmi polemikalar aparmışdır. Geniş elmi əlaqələr yaradan İsmayıl Əliyev 1990-cı ilin dekabr ayında İrkutsk Dövlət Universitetində 02.00.03 – Üzvi kimya ixtisası üzrə "Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki-kimyası" mövzusunda doktorluq dissertasiya işi müdafiə etmiş, 1991-ci ildən BDU-nun Kimya fakültəsində kimya elmləri doktoru, professor kimi fəaliyyətini davam etdirməyə başlamışdır.
Professor İsmayıl Əliyevin əsas elmi istiqaməti arientiolların, II, IV və VI valentli kükürdün aromatik törəmələrinin və analoqlarının fiziki-kimyəvi xassələri ilə reaksiyaya girmə qabiliyyətləri arasında əlaqələrin tədqiqinə həsr olunmuşdur. Onun kimyəvi laboratoriyada apardığı sintezlər əsasında tərkibində kükürd, oksigen, selen, azot və s. elementlər saxlayan 500-dən artıq yeni üzvi birləşmələr sintez olunaraq müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə (İQ, UB, NMR H1, C13, O17, S33, NKR, Cl35, Br79, rentgen spektroskopiya, rentgen flüoressens spektroskopiya, elektrokimyəvi oksidləşmə və s.) hərtərəfli tədqiq edilmiş, müxtəlif miqdari korrelyasiyalar aparılmış, kimyaçılar üçün maraqlı və əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. Alınmış nəticələr tədqiqat obyektlərində məlumat kataloqu kimi geniş istifadə olunur. Onun bu sahədə apardığı tədqiqat işləri üzvi kimyada "kompas" rolunu oynayır və əvvəlcədən istənilən xassəli və keyfiyyətli maddələri sintez etməyə istiqamət verir.
Məhz İsmayıl Əliyev tərəfindən üçlü alkilarilsulfidlərin yeni alınma üsulları müəyyən edilmişdir. Kükürd üzvi maddələrin elektrofil bromlaşma, asilləşmə, nitrolaşma reaksiyaları öyrənilmişdir. İlk dəfə olaraq alkiltioarilketoksimlərə Trofimov reaksiyası əsasında super əsas mühitdə asetilenin, vinilhalogenidlərin və 1,2-dihalogenalkanların təsiri ilə əvvəllər məlum olmayan pirrol və fenil halqasında müxtəlif vəziyyətlərdə əvəz olunmuş alkiltioarilpirrollar və onların N-vinil törəmələri sintez olunaraq hərtərəfli tədqiq olunmuşdur.
Alim müəyyən etmişdir ki, tərkibində kükürd saxlayan yeni pirrollar analitik reaktiv kimi çox perspektivlidir. Aparılmış tədqiqatların bir çox nəticələri İsmayıl Əliyevin müəllifi olduğu müxtəlif elmi monoqrafiyalara, dərslik və dərs vəsaitlərinə daxil edilərək tədris prosesində istifadə edilir.
Son illərdə İsmayıl Əliyev rəhbərlik etdiyi Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının profilinə uyğun olaraq Azərbaycanın təbii fəlakətləri, termal və mineral suları, kurortları, turizmin inkişafı, yaşıl enerji və s. sahələrdə elmi tədqiqat işi aparır, bu sahədə dövri və elmi jurnallarda müntəzəm çıxış edir.
1994-cü ilin mart-iyul aylarında İsmayıl Əliyev Türkiyə Cümhuriyyətinin Marmara Universitetində TUBITAK - DOPROQ (NATO Proqramı) proqramı ilə müştərək elmi araşdırmalar aparmışdır. Bir müddət sonra o, yenidən Türkiyəyə dəvət olunmuş və 3 il müddətində Türkiyənin 100 Yıl Universitetinin Egitim fakültəsində sözləşməli olaraq (müqavilə yolu ilə) Prof. Dr. vəzifəsində çalışmışdır.
2000-ci ilin sentyabr ayında professor İsmayıl Əliyev doğma universitetinə qayıdaraq fəaliyyətini yenidən Bakı Dövlət Universiteti ilə bağlamışdır. 2000-ci ildən BDU-nun Magistratura, Aspirantura və Doktorantura şöbəsinin müdiri, eyni zamanda Üzvi kimya kafedrasında çalışmışdır.
İsmayıl müəllimin işgüzarlığı, elmdə, təhsildə və tədris prosesindəki səmərəli fəaliyyəti universitet rəhbərliyi və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və 2006-cı ildə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə çalışdığı illərdə Universitetdə elmi-tədqiqat işlərində bir sıra elmi yeniliklər və onların əhəmiyyətli inkişaf dinamikası diqqəti cəlb etmişdir. Elmi işlər üzrə prorektor olarkən (2006-2011-ci illər) elmi hesabatları sivil formada tərtib edib, slaydlar şəklində EŞ-in müzakirəsinə çıxarmışdır.
İsmayıl müəllim 2014-2019-cu illərdə Bakı Dövlət Universiteti rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsində işləyərkən universitetin bütün strukturlarında kargüzarlıq işlərinin qaydaya salınmasına, keçiriləcək attestasiya və akkreditasiya hazırlığına rəhbərlik etmiş, 1992-ci ildən 2015-ci ilə kimi BDU-nu bitirən tələbələr haqqında məlumatların tələbə məzun məlumat sisteminə yerləşdirilməsinə nail olmuşdur.
İsmayıl Əliyevin zəngin elmi-nəzəri fəaliyyətinin nümunələri sırasında onun Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin A.E. Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları kimya elmləri namizədi, baş elmi işçi Lyudmila Oparina və akademik Boris Trofimov ilə həmmüəllifi olduğu monoqrafiya 2018-ci ildə Rusiyanın "GEO" Akademik nəşriyyatında rus dilində nəşr olunmusdur. Monoqrafiya çap olunduqdan sonra MDB məkanında kimyaçı alim və elm adamları arasında geniş marağa səbəb olmuş və yayılmağa başlamışdır. Dünya alimləri də monoqrafiyaya maraq göstərmişlər. Monoqrafiyanın rus variantının genişləndirilmiş və təkmilləşdirilmiş variantı Almaniyanın aparıcı beynəlxalq "Springer" nəşriyyatında ingilis dilində nəşr edilmişdir.
Professor İsmayıl Əliyevin həmmüəllifi olduğu monoqrafiyada onun 50 ilə yaxın dövrdə aromatik tiollar və onların törəmələri sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin əsas hissəsi öz əksini tapıb. Monoqrafiyada olan 96 irihəcmli cədvəllərin və 32 şəklin hamısı professorun 50 illik elmi zəhmətinin nəticələridir. Monoqrafiyada istifadə olunmuş 1105 ədəbiyyatdan 200-dən çoxu görkəmli alim İsmayıl Əliyevin dünyanın müxtəlif kimya jurnallarında dərc etdirdiyi məqalələrinə istinadlardır. Yapon alimi S. Oaenin 1975-ci ildə rus dilinə tərcümə edilərək çap olunan "Kükürd üzvi birləşmələrin kimyası" monoqrafiyasından 45 il sonra ilk dəfə dünyada bu sahədə irihəcmli monoqrafiyanın beynəlxalq səviyyəli "Springer" nəşriyyatında nəşr edilməsi Azərbaycan kimya elminin növbəti uğurudur.
Görkəmli Azərbaycan kimyaçı alimi, professor İsmayıl Əliyevin həmmüəllifi olduğu bu monoqrafiya kimyaçı-sintetiklər, fizika-üzvi kimya, polimerləşmə, farmakologiya və s. sahələrdə çalışan mütəxəssislərə ünvanlanıb. O, həmçinin, mühəndis-texnoloqlar, biznesmenlər, elementar kükürdün saflaşdırılması ilə məşğul olanlar, müəllimlər, kimya fakültələrinin doktorantları və tələbələri üçün olduqca qiymətli elmi-nəzəri mənbə kimi yüksək mahiyyət kəsb edir.
İsmayıl Əliyev qabaqcıl təhsil təşkilatçısı, ali təhsil prosesinin mahir bilicilərindən biri olaraq uzun müddət müxtəlif vəzifələrdə işləyən bir şəxs kimi 56 ildən artıq fəaliyyət göstərdiyi doğma BDU-nun ona həvalə edilmiş işlərini çiyinlərində uğurla daşımış, həmişə vətəndaşlıq ruhunu uca tutmuş, özünə və başqalarına tələbkarlıqla yanaşmışdır. İsmayıl Əliyev hazırda 2011-ci ildən yaradılan, universitetin bütün fakültələrində müvəffəqiyyətlə fəaliyyət göstərən Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının işini günün müasir səviyyəsinə uyğun qurmuş və ona rəhbərlik edir.
İsmayıl müəllim xaraktercə ötkəm, sərt, işində prinsipial, eyni zamanda, çox sadə, ürəyitəmiz, xeyirxah, səxavətli bir insandır. Bu xüsusiyyətlər onu xeyirxahlığı ilə prinsipiallığı, sadəliyi ilə ötkəmliyi, alimliyi ilə insanlığı, müəllimliyi ilə ziyalılığı, zəhmi ilə ədaləti çulğalaşan bütöv şəxsiyyət kimi xarakterizə edir.
Onun Azərbaycan elmi və təhsili qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına (Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" media mükafatına layiq görülmüş, səmərəli fəaliyyətinə görə dəfələrlə Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fəxri fərmanları və təşəkkürnamələri ilə mükafatlandırılmışdır. Beynəlxalq Ekoenerji Akademiyasının Elmi Şurasının tövsiyəsi ilə Ekologiya sahəsində akademik diplomu ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının əmək veteranıdır.
Bu, İsmayıl müəllimin timsalında ölkə rəhbərliyi tərəfindən elm və təhsilə, onun inkişafına, alimə, ziyalıya, müəllim-pedaqoq əməyinə verilən yüksək qiymətdir.
İsmayıl Əliyev respublikanın elmi, ictimai-siyasi həyatında yaxından iştirak edir. "Processes of petrochemistry and oil-refining" (AMEA-nın Neft Kimya Prosesləri İnstitutu) və "Journal of Baku Engineering University (Chemistry and Biology)" (Azərbaycan Qafqaz Universiteti) jurnallarının redaksiya heyətlərinin üzvüdür. Yasamal rayon Ağsaqqallar Şurasının üzvüdür.
250-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 3 dərsliyin, 5 dərs vəsaitinin, 1 metodik göstərişin, 4 tədris proqramının, 10 patentin və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Professor İsmayıl Əliyev onlarla namizədlik və doktorluq dissertasiyalarının opponenti və rəyçisi, müxtəlif elmi əsərlərin, monoqrafiya və dərsliklərin elmi redaktoru və rəyçisi olmuşdur.
Dünya alimləri professor İsmayıl Əliyevin elmi tədqiqatlarını müntəzəm olaraq izləyir və yüksək qiymətləndirirlər. Dünya prizmasından onun Azərbaycan elminin inkişafındakı yerini müəyyənləşdirsək, SCI Thomson Reutersdə onun əsərlərinə olan istinadların sayı bu günə qədər 300-dən çoxdur. Google Scholar Citations H-indeks 11, i10-indeks 12, statistik istinad 511-dir. Bu da Azərbaycan aliminin beynəlxalq elmi nüfuzunun yüksəkliyinin ən bariz nümunəsi kimi qiymətləndirilə bilər.
Quş qanadlı, kəhər atlı keçən illər şöhrətinin üstünə şöhrət gətirən dostum və həmkarım bu günlərdə ömrünün müdriklik və kamillik çağlarını yaşayır. Ömrünün şan – şöhrətli dövrünə alnıaçıq, üzüağ qədəm qoyan Azərbaycanda kimya elminin inkişafında yüksək xidmətləri olan möhtərəm kimya elmləri doktoru, professor İsmayil Əliyevin 75 yaşı münasibəti ilə ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı tükənməz yaradıcılıq enerjisi, elmi pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər, həyatda xoş günlər arzulayıram.
Xəlil İSMAYILOV,
BDU-nun professoru,
Əməkdar mədəniyyət işçisi.