Modern.az

Ziyad Səmədzadə: Eldar Mahmudovun özü ilə deyil, atası ilə əlaqəm olub

Ziyad Səmədzadə: Eldar Mahmudovun özü ilə deyil, atası ilə əlaqəm olub

Aktual

4 Mart 2022, 16:22

"Məhkəmədə bu iddiaları səsləndirən şəxslər hamısı vicdansız insanlardır. İbrahim Zeynalov Buzovnada 30 il öncə sovxozun direktoru olub. Məndən xahiş etmişdilər ki, ona dəstək olum".

Modern.az xəbər verir ki,bunu “Unikal”a açıqlamasında deputat Ziyad Səmədzadə deyib.

O, bildirib ki, zərərçəkmiş İbrahim Zeynalova dəstək olmayıb.

“Deyirlər ki, iş birliyi var idi, sonra qırıldı. Hansı iş birliyindən danışırsan? Gəlsin desin ki, 3,5 milyon manat hansı bankdan götürülüb? Sonra deyirlər ki, 8 milyon Ziyad Səmədzadəyə çatıb. Bunlar hamısı qurma işlərdir. Məni bu işə bağlamaq vicdansızlıqdır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq  atası Əhməd Mahmudovla münasibətim olub”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Xatırladaq ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində deputat Ziyad Səmədzadənin də adı hallandırılıb.

Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Savxozu”nun sabiq direktoru İbrahim Zeynalovdan 8 milyon dollar rüşvət alınması epizodu araşdırılıb. Hazırda yataq xəstəsi olan İbrahim Zeynalovu prosesdə oğlu İlqar Zeynalov təmsil edib.

İlqar Zeynalov deyib ki, atasını qanunsuz olaraq MTN-ə aparıb orada saxlayandan sonra onlardan 8 milyon dollar rüşvət istənilib.
O, tələb olunan pulu toplayaraq MTN-in zabitləri Mövlam Şıxəliyevlə Yasin Məmmədova çatdırdığını deyib.

“Pulu çatdırandan sonra Yasin avqustun 2-də zəng elədi ki, gəl atanı apar”.

Onun ifadəsindən sonra Mövlam Şıxəliyev Yasin Məmmədova sual verib:

- Səni and verirəm Allaha, aç, de. O pul kimə çatıb? Mənim pul söhbətindən xəbərim olub?

- O pullar Ziyad Səmədzadəyə çatıb.

Hakim İlqar Zeynalovdan Ziyad Səmədzadənin bu məsələyə nə aidiyyəti olduğunu soruşub. İlqar Zeynalov Ziyad Səmədzadənin atası İbrahim Zeynalov ilə işbirliyi olduğunu deyib: “Atam onun vasitəsilə bankdan 3,5 milyon manat kredit götürmüşdü. Bu pula görə atamla Ziyad Səmədzadənin arası dəymişdi. Bundan sonra da atamı tutdular, başımıza oyun açdılar. Bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bu gün rayonda vaqonda yaşayırıq”.

İlqar Zeynalov həbsdən çıxdıqdan sonra atasının Binə qəsəbəsindəki 4 hektar torpaq sahəsini də Mövlam Şıxəliyevə verdiyini, sonradan orada Yasin Məmmədovun özünə ev tikdiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi