Xəbər verdiyimiz kimi, fevralın 27-də Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər həyatını itirmiş, üç nəfər isə yaralanmışdı.
Ukraynada olan vətəndaşlarımız artıq Azərbaycana qaytarılır, ancaq həlak olanların cənazələrinin ölkəyə gətirilməsi hələlik mümkün olmayıb.
Kəlbəcərin Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, həlak olan azərbaycanlıların cənazələrinin sabah ölkəyə gətirilməsi planlaşdırılır:
“Meyitlər indi morqdadır. Həlak olan şəxslərin yaxınları Azərbaycana gətirilib. Yaralılar hələ xəstəxanadadır, onların evə buraxılmasına icazə verilməyib. Cənazələrin ölkəyə gətirilməmə səbəbinin sənədlərlə bağlı olduğu bildirilir. Bu gün tabutlar alınıb, hər şey hazır vəziyyətə gətirilir ki, cənazələr sabah ölkəyə gətirilsin”.
Qeyd edək ki, Odessada diversiya qrupununun hücumu nəticəsində İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğlu həlak olublar. Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur. Vəfat edənlərdən ikisi - Rəhim və Nemət İsmayılovlar qardaşdır. Qabil isə Rəhim İsmayılovun oğludur. Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.