Modern.az

“Bayram olduğunu bu gün hiss etdim” - Şəhid xanımı Prezidentə TƏŞƏKKÜR ETDİ

“Bayram olduğunu bu gün hiss etdim” - Şəhid xanımı Prezidentə TƏŞƏKKÜR ETDİ

7 Mart 2022, 14:54

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup Azərbaycan qadınını təltif edib. Ölkə başçısının imzaladığı sərəncamla 13 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Təltif edilənlərdən ikisi şəhid xanımıdır. 

Belə ki, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə və 2016-cı ildə Lələtəpədə zabit yoldaşını xilas edərkən minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova “Tərəqqi” medalına layiq görülüb.

 

S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, N.Axundova isə 45 saylı məktəbin direktorudur.

Təəssüratlarını Modern.az-la bölüşən Sevinc Alızadə Prezident İlham Əliyevə minnətdarlığını bildirib:

“Təbriklərə görə hər kəsə təşəkkür edirəm. Bu, Azərbaycan qadınına dövlət tərəfindən, cənab Prezident tərəfindən verilən dəyərdir. Həmişə çalışmışam ki, Vətənimiz, millətimiz üçün xeyirli işlər görüm. Şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində əlimdən gələni edirəm. Raquf Orucova layiq olmağa çalışmışam, mənim üçün ən böyük dəstək onun ruhu və miras qoyduqlarıdır. İnsanlığa dəyər verməyi, insanlara xidmət etməyi, ədalətin tərəfində olmağı məhz ondan öyrənmişəm. Bu gün bizə verilən dəyər həm də şəhidlərimizə verilən dəyərdir”.

Şəhid xanımı bildirib ki, təltif olunmağı barədə xəbəri Lənkəranda eşidib:

“Həyat yoldaşım şəhid olduqdan sonra mənim üçün bayramlar yoxdur, ancaq bu gün təbrikləri alanda hiss etdim ki, bu bayramdır, biz nəsə edə bilmişik. Allah şəhidlərimizin ruhunu şad etsin.

Təltif olunmağımla bağlı xəbəri Lənkəranda şəhid anaları ilə birgə qarşıladım. Cənab Prezidentə təşəkkür edirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi