Hədəfimiz şəhidlərimiz kimi xalqa xidmət etməkdir
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup Azərbaycan qadınını təltif edib. Ölkə başçısının imzaladığı sərəncamla 13 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.
Təltif edilənlərdən ikisi şəhid xanımıdır.
Belə ki, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə və 2016-cı ildə Lələtəpədə zabit yoldaşını xilas edərkən minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova “Tərəqqi” medalına layiq görülüb.
Nəcibə Axundova təltif olunması ilə bağlı təəsüratlarını Modern.az-la bölüşüb. Şəhid xanımı ölkə rəhbərliyinə təşəkkür etdiyini bildirib.
“Bizim fəaliyyətimizə dəyər verildiyi üçün təşəkkür edirəm. Müəlliməyəm, təhsil işçisiyəm, uzun müddətdir ki, bu sahədə çalışıram. Eyni zamanda anayam, baxmayaraq ki, həyat yoldaşımı itirmişəm, amma yenə də biz dövlətimiz, xalqımız üçün layiqli övladlar yetişdirməliyik.
Həyat hədəfimiz şəhidlərimiz kimi xalqa xidmət etməkdir, mən də bu sahədə öz borcumu yerinə yetirirəm. Cənab Prezidentə təşəkkür edirəm. Təltif olunan bütün xanımlar adından minnətdarlığımı bildirirəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, N.Axundova Şəhid Kəşfiyyat İdarə rəisi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, eyni zamanda Bakı şəhəri, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktorudur.