“Digər xəstəliklər kimi göz xəstəliklərində də irsiyyətin rolu böyükdür. El arasında "Toyuq korluğu", tibbdə isə hemeralopiya (gecə görmə qabiliyyətinin azalması) xəstəliyi də irsən ötürülür. Təəssüf ki, bir çox genetik xəstəliklərdə olduğu kimi bu xəstəliyin tam müalicəsi yoxdur, sadəcə dəstəkverici müalicəsi mövcuddur”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur bildirib.
T.Qəlbinurun sözlərinə görə, miopiya, hipermetropiya və digər refraktiv görmə qüsurlarında da irsiyyətin rolu danılmazdır:
“Həmçinin keratokonus xəstəliyi təqribən 25 faiz hallarda genetik yolla valideynlərdəm uşaqlara keçir. Katarakta, el arasında mirvari suyu adı ilə bilinir və gözün şəffaf büllurun bulanması ilə görmə qabiliyətini azaldan xəstəlikdir. Katarakta anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə katarakta dölün ana bəthində inkişafı zamanı, embriogenez zamanı yaranan patologiyalarla əlaqəlidir. Qazanılma katarakta isə yaşa bağlı olaraq və tramva nəticəsində yaranan kataraktalar aiddir. Katarakta yarandıqda xəstələr dumanlı görmədən, sanki çirkli pəncərədən baxırmış kimi fikirlərini ifadə edirlər”.