Modern.az

Novruz çərşənbələri niyə əvvəlki kimi qeyd olunmur...

Novruz çərşənbələri niyə əvvəlki kimi qeyd olunmur...

13 Mart 2022, 10:53

Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Baharın gəlişini dörd çərşənbə özündə canlandırır. Novruzun digər bayramlardan fərqi ondadır ki, yeni fəslin gəlişindən öncə həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaq çərşənbələri keçirilir.

 

Bildiyimiz kimi, sovet hakimiyyəti illərində Azərbaycana məxsus adət-ənənələrin təbliği və milli bayramların qeyd olunmasına qadağalar tətbiq edilirdi. Qurban və Novruz bayramı kimi əlamətdar günlərin qeyd edilməsinə icazə yox idi. Lakin Azərbaycan xalqı milli ruhunu qoruyaraq, bu bayramları gizli olsa belə keçirirdi. İndi o qadağalar yoxdur, ancaq bayramlar nədənsə əvvəlki kimi coşqu və təmtəraqla qeyd olunmur. 

 

Bu barədə Modern.az-a danışan filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Ağaverdi Xəlilov xatırladıb ki, əvvəllər də belə hallar olub və çərşənbələr təntənəli şəkildə qeyd olunmayıb:

 

“Sovet dövründən əvvəl çərşənbələrin qeyd olunması haqqında qaynaqlar var. Keçmişə baxanda görərik ki, çərşənbələr və Novruz bayramı qeyd olunub, ancaq sovet dövrü istisna olmaqla. Müstəqillik dövründə biz keçmişdən gələn ənənələrimizi davam etdirməyə başladıq. O cümlədən, mövsüm mərasimlərimiz, bayramlarımız tədricən bərpa olunmağa başlandı. Bu proses uzun çəkdi. Bayram şənliklərinin keçirilməsində bu adətlər əksini tapdı. Biz nisbətən qədim adətlərimizi tənzimləyə bildik".

 

Folklorşünas hesab edir ki, indiki dövrdə ənənələrin zəifləməsinin müxtəlif səbəbləri var:

 

"Bu səbəblərin birincisi pandemiyadır, daha sonra dünyadakı iqtisadi proseslər gəlir. Ölkəmizin daha aktual problemləri var idi. Bu problemlər bayramların keçirilməsinə təsirsiz ötüşməyib. Fikrimcə, səbəblər belədir. Doğru müşahidədir ki, son illərdə çərşənbə və bayramlar təntənəli keçirilmir. Prosesin keçici olduğunu düşünürəm, məncə, adətlərimiz yenidən bərpa olunacaq”.

 

A.Xəlilov qeyd edib ki, azad olunmuş torpaqlarımız çərşənbələrin coğrafiyasını xeyli genişləndirəcək:

 

“Azad olunmuş torpaqlarda da əlamətdar günlər ənənəvi şəkildə qeyd olunacaq. Rayonlar mədəniyyət nümunələrimizin öyrənilməsi üçün qaynaqdır. Şəhər mühiti elədir ki, orada müasirləşmə sürətlə gedir. Ona görə də ənənəvi hadisələr tez arxayikləşir və unudulur. Bölgələrimiz ənənəyə daha çox bağlıdır, müasirləşmə ora daha az təsir edir. Ənənəvi mədəniyyət bölgələrdə daha çox qorunur və azad olunan torpaqlarla o bölgələrin sayı artdı”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi