Modern.az

“Müharibəyə yox!” deməklə qəhrəmana çevrildi - FOTOLAR

“Müharibəyə yox!” deməklə qəhrəmana çevrildi - FOTOLAR

15 Mart 2022, 09:16

Rusiyanın “Pervıy” telekanalının “Vremya” verilişində Ukraynadakı müharibəyə etiraz edən Marina Ovsyannikova bir anda dünya mediasının qəhrəmanına çevrilib. Ötən gündən başlayaraq, dünyanın nüfuzlu mətbuat orqanları, sosial şəbəkələr, məşhur siyasətçilər və jurnalistlər Marina ilə bağlı paylaşımlar edərək, onun müdafiəsinə qalxıblar. 

 

Qeyd edək ki, ötən gün Rusiyanın məşhur “Pervıy” televiziya kanalının “Vremya” verilişində qəfildən aparıcının arxasında əlində plakat tutan bir qız peyda olub.
 

 

Plakatın üzərində “Müharibəyə yox! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” sözləri yazılıb. Bununla da o, televiziya vasitəsilə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni pisləyib. 

 

Məlum olub ki, efirdə müharibə əleyhinə etiraz edən şəxs kanalın redaktoru Marina Ovsyannikovadır. O, məlum insident səbəbindən saxlanılıb. 


Hazırda televiziya kanalında xidməti araşdırma aparılır. Rusiya silahlı qüvvələrini nüfuzdan saldığına görə Marina Ovsyannikova qarşı İnzibati Xətalar Məcəlləsinin hərbi senzura ilə bağlı 20.3.3-cü maddəsi ilə protokol tərtib edilib.

Marina Ovsyannikova videomüraciətində də əməlinin motivlərindən danışıb:

“İndi Ukraynada baş verənlər cinayətdir, Rusiya isə təcavüzkar ölkədir və bu təcavüzə görə məsuliyyət yalnız bir nəfərin vicdanındadır və bu şəxs Vladimir Putindir. Atam ukraynalıdır, anam rusdur və onlar heç vaxt düşmən olmayıblar. Boynuma taxılan boyunbağı isə Rusiyanın qardaş qırğınını dərhal dayandırmalı olduğunun və qardaş xalqlarımızın hələ də barışa biləcəyinin simvoludur. Təəssüf ki, mən son illər Birinci Kanalda işləyirəm, Kreml təbliğatı aparıram və indi bundan çox utanıram. Televiziya ekranlarından yalan danışmağa icazə verildiyi üçün utanıram, rus xalqını zombiləşdirməyə icazə verildiyi üçün utanıram. Biz 2014-cü ildə, bütün bunlar yeni başlayanda, Kreml Navalnını zəhərləyəndə mitinqlərə getmədik. Biz sadəcə səssizcə bu anti-insani rejimi seyr edirdik və indi bütün dünya bizdən üz çevirib. Və daha sonrakı on nəslimiz bu qardaş qırğınının rüsvayçılığından təmizləınməyəcək. Biz rus xalqıyıq, düşünən və ağıllıyıq, bütün bu çılğınlığı dayandırmaq yalnız bizim gücümüzdədir. Mitinqə çıxın, heç nədən qorxmayın, hamımızı həbs edə bilməzlər”.

 

Hadisəyə Ukrayna Prezidenti Volodimir Zelenski də münasibət bildirib. O, Ukraynaya qarşı müharibəyə etiraz etməkdən çəkinməyən ruslara təşəkkürünü bildirib.

 

“Həqiqəti çatdırmaqdan əl çəkməyən, dezinformasiya ilə mübarizə aparan ruslara minnətdaram. Xüsusən də Rusiyanın “Birinci kanal”ının studiyasına daxil olan, müharibə əleyhinə plakat açan qıza. Mübarizə aparmalısınız, şansınızı əldə verməməlisiniz”, - deyə Zelenski Marinaya dəstəyini ifadə edib.

 

Qeyd edək ki, Marinanın atasının ukraynalı, anasının isə rus olduğunu deyilir. Onun bu səbəbdən müharibəyə etiraz etdiyi bildirilir. 

 

Marina 1978-ci ildə Rusiya Federasiyasında anadan olub, hazırda 44 yaşı var. Ovsyannikova Kuban Dövlət Universitetini, daha sonra Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasını bitirib.

 

O, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində işləyib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!