Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə gətirilib.
Modern.az-ın məlumatına görə, Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən 1975-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan 1987-ci il təvəllüdlü Məmmədov Qoşqarın nəşi ölkəyə gətirilərək ailələrinə təhvil verilib.
Əslən Kəlbəcər rayonundan olan Nemət İsmayılov, Rəhim İsmayılov, Camal Salmanov və Azər Əlizadənin cənazələri bu gün Göygöl rayonunda yerləşən Murovdağ qəbiristanlığında dəfn olunacaq.
"Dəfn mərasimi bu gün keçiriləcək. Cənazələr Murovdağ məzarlığında dəfn olunacaq. Hadisə zamanı yaralanan digər şəxslər isə hələlik Moldovadadır" - Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov Modern.az-a açıqlamasında deyib.
Qeyd edək ki, cənazələr Azərbaycan hava yollarının İstanbul-Bakı reysi ilə vətənə gətirilib.