Novruz bayramı günlərində daxili turizmdə canlanma olacaq.
Bunu Modern.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Gülnar Mustafayeva bildirib.
Onun sözlərinə görə, hər il Novruz bayramında paytaxtdan regionlara axın olur:
"Bu il də daxili turizmdə aktivləşmə və canlanma müşahidə edəcəyik. Pandemiya səbəbindən xaricdən turist axını çox olmur. Ənənəvi istiqamətlər olan Şimal, Şimal-Qərb, Qərb və Cənub səfərələrinin sayı artacaq. Proses davam etdiyi üçün səfərlərlə bağlı ümumi statistika yoxdur. Nəzərə alsaq ki, pandemiyadır, quru sərhədlər bağlıdır və daxili turizmə üstünlük verənlər daha çox olacaq”.
Bayram ərəfəsində otellərin qiymətinə gəlincə, G.Mustafayeva məbləğin həmin obyektlər tərəfindən müəyyən edildiyini vurğulayıb.
“Otellərin qiyməti bazar iqtisadiyyatına uyğun formalaşdırılır. Tələb və təklifə əsasən proseslər yerinə yetirilir. Tələb nə qədər çox olarsa, təklif də ona uyğun olur. Hər bir otel doluluq dərəcəsindən asılı olaraq özü qiymətləri tənzimləyir”, - deyə qurum rəsmisi qeyd edib.