Əvvəllər mart ayı gələn kimi Bahar bayramına hazırlıqlar görülürdü. Bayramın atributu olan Kosa və Keçəl xurcununu götürüb məşqlərə başlayır, Novruzun gəlişini həyəcanla gözləyirdilər.
Artıq iki ildir pandemiya səbəbindən Novruz tədbirləri keçirilmir. Bakı küçələrində Kosa və Keçəl daha gözə dəymir. Sanki virusun gəlişilə onlar da qeybə çəkiliblər...
İllər öncə Novruz şənliklərində Kosa obrazını canlandıran aktyor Qafar Novruzlu indi çarəsizlikdən sənətdən uzaqlaşaraq, taksi fəaliyyətilə məşğuldur.
Modern.az-ın əməkdaşı ilə həmsöhbət olan Q.Novruzlu rəsmi tədbilərdən uzaqlaşdırılmasından və digər məqamlardan söz açıb.
- Azərbaycanın məşhur Kosası indi nə işlə məşğuldur? Haradan qazanc əldə edir?
- Hazırda taksi sürürəm, bununla ailəmi dolandırıram. Gündəlik 5-10 manat qazancım olur. Heç kimdən iş üçün təklif almamışam. Zaman keçdikcə unuduluruq, tarix oluruq.
- İllər əvvələ qayıdaq. Necə oldu ki, siz Kosa rolunda çıxış etməyə qərar verdiniz? Etiraf edək ki, belə obrazda çıxış etmək həmişə birmənalı qarşılanmır...
- Tar ifaçısıydım. Elə oldu ki, tədbirlərin birinə Kosa gələ bilmədi. Kosanın paltarını geyinib, rolu mən oynadım. Daha sonra televiziyalara, dövlət tədbirlərinə dəvət aldıq. 1997-ci ildə tədbirdə Ulu Öndər Heydər Əliyev mənimlə yumurta döyüşdürdü. Tanınmağım isə Allahın mənə lütfi idi.
- Tədbirlərdə birgə rol aldığınız Keçəllə indi əlaqəniz varmı? O nə işlə məşğuldur?
- 20 ildir Vaqiflə dostuq, yaxınıq. O Sumqayıt Dövlət Universitetində çalışırdı, ancaq struktur dəyişikliyinə görə onu da işdən çıxardılar.
- Son illər bayramlar əvvəlki kimi təmtəraqla qeyd edilmir. Sizin rol aldığınız dövrdə mənzərə tamam başqa idi.
- İndi gənclərin çoxu bilmir ki, bayramın hansı adətləri var. Bayramlar unudulur. Xalqın, gənclərin ağlında ancaq sosial şəbəkələr qalıb. Bayramın unudulmağının tək səbəbi “Tik-tok” kimi lazımsız sosial şəbəkələrin olmasıdır.
- Maraqlıdır, bayramlarda ailə üzvlərinizin də qarşısında Kosa rolunda çıxışlar etmisiniz?
- Bəli, nəvələrimi, övladlarımı əyləndirmək üçün Kosa rolunda çıxış etmişəm.
- Azərbaycanın məşhur Kosası tədbirlərə dəvət olunurmu?
- Bu il iki tədbirə dəvət olunmuşam. Bir müddət əvvəl Türkiyədə keçirilən tədbirə dəvət etmişdilər. Gedib iştirak etdim, bu yaxınlarda qayıtmışam.