Əvvəllər mart ayı gələn kimi Bahar bayramına hazırlıqlar görülürdü. Bayramın atributu olan Kosa və Keçəl xurcununu götürüb məşqlərə başlayır, Novruzun gəlişini həyəcanla gözləyirdilər. Artıq iki ildir pandemiya səbəbindən Novruz tədbirləri keçirilmir. Bakı küçələrində Kosa və Keçəl daha gözə dəymir. Sanki virusun gəlişilə onlar da qeybə çəkiliblər...
İllər öncə Novruz şənliklərində Keçəl obrazını canlandıran aktyor Vaqif İbrahimov indi sirkdə çalışır. Uzun müddətdir rəsmi tədbirlərə dəvət almayan aktyor fəaliyyətini davam etdirmək üçün sirkə üz tutub.
Modern.az-ın əməkdaşı ilə həmsöhbət olan Vaqif İbrahimov fəaliyyəti ilə bağlı maraqlı məqamlardan söz açıb:
- Çoxdandır tədbirlərdə görünmürsünüz. Bilmək olar, Azərbaycanın məşhur Keçəli indi hansı işlə məşğuldur?
15 il Sumqayıt Dövlət Universitetində bədii rəhbər işləmişəm. Tələbə gənclər teatrı yaratmışdım. Tədbirlərdə, konsertlərdə həm aparıcı kimi iştirak edirdim, həm də səhnəciklərə, tamaşalara quruluş verirdim. Elə tamaşa olurdu ki, tələbələrlə birlikdə çıxış edirdim. Çalışırdım ki, onlarda yüksək əhval-ruhiyyə yaransın, qorxu olmasın. Tələbələrə sənətin sirrlərini öyrədirdim. Hazırda sirkdə janr artisti kimi fəaliyyətimi davam etdirirəm.
- Artıq iki ildir ki, əvvəlki bayramlar ab-havası yaşanmır. Heç Keçəl və Kosa da gözə dəymir. Yenidən əvvəlki günlərə qayıda biləcəyikmi?
- Əvvəllər qapılara papaq atardıq. Bir qoz veriləndə belə çox sevinirdik. İndi uşaqlara baxıram, evlərə papaq atırlar. Papağa bir-iki ədəd konfet qoyulanda baxırsan ki, bəyənmirlər. Atırlar bir kənara. Bu, bolluqdan irəli gəlir. Əvvəl belə deyildi. Biz bir qoz görəndə sevinirdik. Bundan əvvəl bayram şirniyyatını evdə hazırlayardılar. İndi mağazalardan alıb, xonça düzəldirlər. Buna bayram süfrəsi deyirlər. Anam bayram şirniyyatı bişirəndə həmişə deyərdi ki, qonşuların, qohumların da payları olmalıdır. İndi belə şeylər yoxdur.
- Bir vaxtlar tədbirlərdə Keçəl obrazında çıxış edirdiniz. İndi tam başqa bir sahədə çalışırsınız. Oxucularımız üçün də maraqlıdır, necə oldu ki, Keçəl olmağa qərar vermişdiniz?
- Mədəni Maarif Texnikomunda təhsil almışam.1995-ci ildə bizi tədbirə aparmışdılar. Kollektivin arasından önə çıxıb Keçəl rolunu oynayacağımı dedim. Müəllimlərim razılaşdı. Daha sonra Əbdürrəhman adlı müəllim məni İrs Folklor Ansamblına göndərdi. Beləcə, Keçəl rolunu oynamağa davam etdim. Əsl Novruzun Kosasını oynayan Qafar Novruzlu ilə tanışlığım orada oldu. Bu sənətin sirrini mənə öyrətdiyinə görə Qafar Novruzluya minnətdaram.
- Yeni obrazınızı ailəniz necə qarşıladı? Bəs onların qarşısında Kosa obrazında çıxış etmisinizmi?
- Ailəmiz həmişə mənim çıxışlarıma baxır. Bir övladım var, adı Yusifdir, hazırda 5-ci sinifdə oxuyur. Onun da incəsənətə, musiqiyə marağı var. Sözün açığı, ailəmin qarşısında çıxış etməmişəm, ancaq həmişə verilişlərə baxıb bəyəniblər.