Modern.az

Azərbaycanın dünyaya təqdim etdiyi Novruz daha bəşəri görünür

Azərbaycanın dünyaya təqdim etdiyi Novruz daha bəşəri görünür

Aktual

18 Mart 2022, 18:19

Novruz bayramı Azərbaycan xalqının milli mədəniyyətinin formalaşmasında, identikliyinin qorunmasında, vahid bir xalq olaraq milli şüurumuzun formalaşmasında müstəsna yeri olan bir bayramdır.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.

 

Azər Kərimli Novruzun həm də birləşdirici, bütövləşdirici bir bayram olduğunu vurğulayıb: “Təsadüfi deyil ki, Azərbaycanda yaşayan xalqların böyük əksəriyyəti Novruz bayramını öz milli bayramları kimi qeyd edirlər və bu da bizim ortaq dəyərlərə sahib olduğumuzun, vahid, bölünməz bir xalqa çevrildiyimizin, birliyimizin, həmrəyliyimizin göstəricisidir”. 

 

Millət vəkili Böyük Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq, Novruz bayramının mədəniyyətimizin ayrılmaz bir parçası kimi qorunması, təbliğ edilməsi və yüksək səviyyədə qeyd olunması istiqamətində də böyük xidmətlər göstərdiyini bildirib. Bunun nümunəsini Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəldiyi 1969-cu ildə ərsəyə gələn “Dəli Kür” filmində də görmək mümkündür. Bu filmdə yer alan Novruz bayramı ilə bağlı səhnə milli bayramımızın təbliğində müstəsna rol oynayıb. Həmin dövrdən etibarən, Novruz bayramı adət-ənənələri milli folklorumuzun ayrılmaz bir parçası kimi ciddi şəkildə araşdırılıb, yeni-yeni elmi işlər, sənədli filmlər çəkilib. Təsadüfi deyil ki, Heydər Əliyev artıq müstəqil Azərbaycan Respublikasının rəhbəri seçildikdən sonra Novruz bayramı yenidən böyük coşqu ilə, əsl xalq bayramı kimi qeyd olunmağa başladı”.

 

Azər Kərimli Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətimizin təbliğinə böyük önəm verdiklərini bildirib: “Bu gün dünya bir çox xalqların milli bayramı olan Novruza Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi humanizm dəyərlərinin tərkib hissəsi kimi yanaşır. Novruzun Azərbaycan kaloriti təbiətlə həmahəng olan bu bayramın bütün gözəlliklərini, sülhə, əminamanlığa, dostluğa, qardaşlığa xidmət edən dəyərlərini göz önünə sərgiləyir. Azərbaycanın dünyaya təqdim etdiyi Novruz daha rəngarəng, daha bəşəri görünür”.  

 

Millət vəkili açıqlamasında xalqımıza Novruz bayramı münasibətilə təbriklərini də çatdırıb: “Bu gözəl bayram günlərində xalqımıza firavan həyat, sülh və əminamanlıq arzulayıram. Tanrı Azərbaycanı qorusun”.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU