Modern.az

Əfqanıstanın Bakıdakı səfirinin aqibəti necə oldu...

Əfqanıstanın Bakıdakı səfirinin aqibəti necə oldu...

Aktual

22 Mart 2022, 14:15

Əfqanıstanda ötən il baş tutan hakimiyyət dəyişikliyi dünyanın əsas gündəm mövzusuna çevrilmişdi. Artıq bir sıra ölkələr Əfqanıstanda rəhbərliyi ələ alan “Taliban”la bağlı rəsmi mövqeyini ortaya qoyub və hansı şərtlər daxilində taliblərlə əməkdaşlıq edə biləcəklərini açıqlayıblar.

 

Bundan əlavə, Əfqanıstanın yeni hakimiyyətinin əvvəlki iqtidarın diplomatik komandası ilə əməkdaşlığa davam edib-etməyəcəsi də sual altında idi.

 

“Taliban”ın rəhbərliyə gəlişindən 7 ay keçsə də, Kabili ölkə xaricində təmsil edən səfirlərin işindən yeni bir xəbər yoxdur. Həm də maraqlıdır ki, əvvəlki komandadan qalan diplomatların yerinə hələ ki yeniləri təyin olunmayıb.

 

Bəs Əfqanıstanın Bakıdakı səfirliyi fəaliyyətini davam etdirirmi?

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-ın sorğusuna cavab verilib. Bildirilib ki, Əfqanıstanın Azərbaycandakı səfirliyi fəaliyyət göstərir.

 

Səfirlikdən də deyiblər ki, onların fəaliyyətində heç bir dəyişiklik yoxdur. Əvvəlki kimi işlərini davam etdirirlər.

 

Qeyd edək ki, ötən ilin avqustun 15-də “Taliban” hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstanın o vaxtkı prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. “Taliban” hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib.

 

 

Xatırladaq ki, Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhundur. O, 2020-ci ilin noyabrında ölkəmizə təyinat alıb. O, Azərbaycana Vətən müharibəsi başa çatandan 3 gün sonra – 2021-ci il noyabrın 13-də gəlib.

Siyasət üzrə fəlsəfə doktoru olan Amanullah Ceyhun 1989-cu ildə Peşavar (Pakistan) Elm və Texnologiya Universitetindən məzun olub.


1988-1989-da Əfqanıstan Mədəniyyət Nazirliyində İctimaiyyətlə Əlaqələr şöbəsinin məsul əməkdaşı olub.


1987-1988-ci illərdə Boston Universitetinin (ABŞ) nəzdində fəaliyyət göstərən “Əfqan Media Resurs Mərkəzində” jurnalist işləyib.

 

1991-ci ildə Nebraska (ABŞ) Kearney Universitetində magistr dərəcəsi alıb. 1993-cü ildə Əfqanıstan Xarici İşlər Nazirliyində işə qəbul olunub. Sonralar müxtəlif vəzifələrdə çalışıb.


2009-cu ildə Malayziya Beynəlxalq İslam Universitetini bitirib. 2007-2011-də Əfqanıstanın Avstraliyada, 2012-2017-ci illərdə Türkiydəki səfiri olub.

Ailəlidir, dörd övladı var. Özbək, fars, ingilis, türk, ərəb dillərini bilir.

 

Onu da bildirək ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012 -ci ildən Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir. Münaqişə dövründə Əfqanıstan rəsmiləri Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib və dövlətimizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə bəyanatlarla çıxış ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular