Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov işğaldan azad edilmiş Şuşa şəhərinə getməyi, doğma Qarabağ yurduna baş çəkməyi arzulayırdı. Lakin 84 yaşlı eks-prezident bu arzusuna çatmadan dünyasını dəyişdi.
Bu sözləri Modern.az-a sabiq prezidentin köməkçisi olmuş Qulu Həsənoğlu deyib.
Onun sözlərinə görə, A.Mütəllibov səhhətində yaranmış problemlə əlaqədar Şuşaya gedə bilmədi. Q.Həsənoğlu qeyd edib ki, keçmiş dövlət başçısı Şuşa 30 illik düşmən işğalından azad olunanda kövrəlmişdi:
“Mən tez-tez ziyarətinə gedirdim. Son günlərini evdə ailəsi ilə keçirdi. Ziyarətə gələnlər haqqında məlumatım yoxdur, ancaq zəng edib, hal-əhval tutanlar olurdu. Son günlərində danışırdı, sözünü deyirdi. Həmişə bildirirdi ki, xalqım üçün nigaranam. Şuşa azad olunan zaman çox kövrəlmişdi, çünki Ayaz Mütəllibovun uşaqlığı Şuşada keçib. Onun atası həkim olub, Ağdamda və Şuşada xeyli müddət çalışıb.
Tale elə getirdi ki, Şuşanı ziyarət etmək qismət olmadı. Səhhəti ilə əlaqədar olaraq, Qarabağı ziyarət edə bilmədi. Şuşa dağlıq ərazidir, Ayaz müəllimin yüksək təzyiqi olduğu üçün gedə bilmədi. Şuşayla bərabər Laçını da ziyarət etmək istəyirdi. Təəssüf qismət olmadı”.
Qeyd edək ki, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov martın 28-də vəfat edib. 84 yaşında dünyasını dəyişən eks-prezident I Fəxri xiyabanda dəfn olunub.
A.Mütəllibov Azərbaycanın müstəqilliyinin ilk illərində - 1991-1992-ci illərdə ölkəyə rəhbərlik etmiş və Xocalı soyqırımından bir müddət sonra istefa vermişdi. 1992-ci ildən Moskvada məskunlaşan sabiq dövlət başçısı 2012-ci ildə Azərbaycana qayıdaraq, ömrünün son gününə kimi Bakıda yaşayıb.