Ermənistanın Qarabağda törətdiyi və beynəlxalq qurumların göz yumduğu dəhşətli bir faktın üstü illə sonra açılıb. Belə ki, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə ailəsinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə paylaşılaraq, geniş rezonans doğurub.
Məktubda deyilir: “Salam ata-mama. Mən Novruzov Laçın, sağ-salamatam. Ermənistanın Edilli kəndindəyəm. Sizə qurban olum, gəlin məni qurtarın. Yalvarıram mama, bunu yazan Laçındır. Necə olursa-olsun qurtarın. Mama-Papa məni qurtarın burdan. Yaşamaq istəyirəm, tez qurtarın, gözləyirəm sizi. Novruzov Laçın. Sağ olun”.
Məktubdan məlum olur ki, Qırmızı Xaç Komitəsi azərbaycanlı gəncin taleyinə biganə yanaşıb, Laçının geri qaytarılması üçün heç bir iş görməyib.
Laçın Novruzovun qardaşı Elçin Novruzov 28 il sonra üzə çıxan məktubla bağlı Modern.az-a açıqlama verib. O, qardaşının bundan başqa da bir neçə məktub yazdığını bildirib.
“Laçının həqiqi hərbi xidmət vaxtı müharibə dövrünə təsadüf edib. O, birbaşa müharibəyə yollanıb. Həmin vaxt Laçın subay idi, ailə qurmamışdı. Bir müddətdən sonra onun əsir düşdüyünü eşitdik. Anam, atam və demək olar ki, hamı bilirdi ki, Laçın ermənilərə əsir düşüb. Qırmızı Xaç Komitəsi vasitəsilə evə dəfələrlə məktub yollayıb. Laçının yazdığı məktublar hələ də evimizdədir. Rəhmətlik atam məktubdan sonra Ağdama kimi gedib çıxmışdı. Laçın sonuncu məktubu yazanda Ermənistanda olub. O məktubdan sonra saxlanıldığı yeri dəyişiblər, başqa bir əraziyə aparıblar. Həmin vaxt mənim yaşım az idi, o zaman baş verənləri elə də dəqiqliklə xatırlamıram. Amma bildiyim odur ki, Laçın əsirlikdən azad olunması üçün kömək istəyirdi, lakin heç kim ona yardım etmədi. İllər sonra Laçına şəhidlik statusu verildi, anama pensiya ayrıldı. Lakin onun sağ və ölməsi barədə bizə heç bir məlumat verilmədi. İndiyədək də məlumatımız yoxdur”, - deyə Elçin Novruzov illər sonra əsir düşmüş qardaşı barədə danışıb.