Modern.az

Ölümü də gündəm olan Jirinovskinin ürəyində qalan ARZULARI

Ölümü də gündəm olan Jirinovskinin ürəyində qalan ARZULARI

Aktual

6 Aprel 2022, 17:28

Bu gün Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski dünyasını dəyişib. Qalmaqallı çıxışları ilə yadda qalan siyasətçi fevralın 2-də koronavirus infeksiyasına yoluxma diaqnozu ilə yerləşdirildiyi xəstəxanada vəfat edib. 

 

Modern.az xəbər verir ki, 75 yaşlı Jirinovski Azərbaycan, Türkiyə, Ukrayna və bir çox Qərb ölkələri haqqında sərt çıxışları ilə tanınıb. O, həmişə Ukrayna və Belarusun Rusiyaya birləşdirilməsi barədə sensasion çağırışlar edib və ukraynalıların milli özünü təmin etməsini tanımayıb.

 

Ölümü ilə də gündəmdən düşməyən Jirinovski kimdir?

 

Vladimir Volfoviç Jirinovski Qazaxıstanın Almatı şəhərində çoxuşaqlı ailədə anadan olub. Doğulanda Eydelşteyn soyadını daşıyıb. Ali təhsilini Moskva Dövlət Universitetinin Tarix-filologiya fakültəsində alıb. O, ehtiyatda olan polkovnik rütbəsinə sahib olub.

 

Tələbəlik illərində siyasətlə maraqlanmağa başlayıb. 1989-cu ildə sonradan rəhbərlik etdiyi Liberal Demokrat Partiyasını yaradıb. 1991-ci ildə ilk dəfə Rusiya prezidentliyinə namizədliyini irəli sürüb və 3-cü yeri tutub.

 

 

1993-cü ildə Jirinovski Dövlət Dumasının deputatı seçilib. 2011-ci ilə qədər bütün prezident seçkilərində iştirak edib. Jirinovski Qərb siyasətçilərinə qarşı nalayiq ifadələr işlətməkdən çəkinməyən və dəfələrlə müharibəyə çağıran son dərəcə ekssentrik və aqressiv siyasətçi kimi şöhrət qazanıb. O, Dövlət Dumasında rəqibləri ilə dava da edib.

 

Deputat gənclik dostu Qalina Lebedeva ilə evlənib. Jirinovskinin həyat yoldaşından bir oğlu, bundan başqa qeyri-qanuni münasibətdə olduğu qadından oğlu və qızı var.

 

Jirinovskidən geriya qalan qalmaqallı bəyanatlar

 

O 2014-cü ildə Mərkəzi Asiya Federal Dairəsinin yaradılmasını və onun tərkibinə Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanın daxil edilməsini təklif edib.

 

Jirinovski hesab edirdi ki, Qazaxıstanı rus müstəmləkəçiləri qurub, milyonlarla qazax rus köklərinə sahibdir və buna görə də geniş hüquqlara malik deyil. Bununla Jirinovskinin Qazaxıstan ərazisinə girişi qadağan edilib.

 

2013-cü ildə o, Şimali Qafqazı tikanlı məftillərlə əhatə etməyi, çeçenləri, dağıstanlıları və osetinləri Mərkəzi Rusiyadan qovmağı təklif edib. Həmçinin Çeçenistan lideri Ramzan Kadırovla konflik yaşayıb.

 

Bundan əlavə, Jirinovski Rusiyada avtokratiyanın bərpasını, ölkə rəhbərini imperator və çar adlandırmağı təklif edib. Həmçinin ukraynalıları qardaş xalq hesab etmədiyini söyləyib və dəfələrlə Ukraynanı Rusiyaya birləşdirməyə çağırıb, separatçı Luqansk və Donetsk rejimlərinə silah tədarükü ideyasını dəstəkləyib.

 

Jirinovski dəfələrlə digər siyasətçilərlə, o cümlədən qadınlarla dava edib, onların üzərinə su töküb və rəqiblərinin yanında nalayiq ifadələr işlədib. Boris Nemtsov, Kseniya Sobçak, Stella Dubovitskaya, Alla Puqaçova, Yevgeniya Tişkovskaya dəfələrlə onun hədəfinə tuş gəlib.

 

Keçmiş Sovet ölkələrini Rusiyaya birləşməyə çağıran partiya lideri "Bütün keçmiş sovet respublikalarına arzumuz evə qayıtmalarıdır. Biz bir daha SSRİ-nin adını verməyəcəyik. Artıq bir ad var - Rusiya Federasiyası, qoy birbaşa Rusiya Federasiyasına girsinlər. Tiflis quberniyası, İrəvan, Bakı, Kiyev və s. könüllü olaraq bizə qoşulsun", - deyə qalmaqallı təklif irəli sürmüşdü. Bu təklif o zaman birmənalı qarşılanmamış, etirazlara səbəb olmuşdu.

 

"NATO-ya Ukrayna yox, bizim Krım lazımdır ki, donanmamız oradan çıxıb Orelə, Kurska və Krasnodara yaxınlaşsın" - Jirinovski çıxışlarının birində demişdi. 

 

Əlbəttə, qocaman siyasətçinin qalmaqala səbəb olan, etiraz doğuran çıxışları bununla yekunlaşmır. Belə səpkidə xeyli sayda nümunə göstərmək olar. 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir