"Dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər. Ən çox qarşılaşdığımız dəri xəstəliklərə akne (piy vəzlərinin tıxanması nəticəsində yaranan uzunmüddətli iltihablı dəri xəstəliyi), atopik dermatit (xronik qaşıntılı iltihabi dəri xəstəliyi), övrə (dərinin allergik mənşəli xroniki xəstəliyi) və digərləridir".
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə bildirib.
Həkim qeyd edib ki, dəri xəstəliklərindən əziyyət çəkən insanlar fiziki narahatlıq hiss edirlər, təsirlənmiş əraziləri sıx paltar altında gizlədirlər və ya çatışmazlıqları gizlətmək üçün kosmetikadan istifadə edirlər:
“Dəri insanın ən böyük və eyni zamanda ən həssas orqanıdır. Ürək, qaraciyər və mədə kimi mürəkkəb bir quruluşa malikdir və həyati vacib funksiyaları yerinə yetirir. Təsadüfi deyil ki, dəri bir çox orqana (saç, dırnaq, selikli qişaların vəziyyətinə) müəyyən bir şəkildə təsir edir. Məsələn, qaraciyər xəstəlikləri halında dəri sarımtıl rəngə çevrilir, qızılca, məhmərək, suçiçəyi kimi ümumi viral xəstəliklər olan təqdirdə dəri səpgilərlə örtülür. Bundan əlavə, uzun müddət olan furunkulyoz diabetin inkişafını göstərə bilər və s.
Daxili (endogen) amillər bir çox dəri xəstəliklərinin (metabolik xəstəliklər, daxili organların, sinir sisteminin xəstəlikləri, hipo və hipervitaminoz (orqanizmdə müəyyən vitamin çatışmazlığı) və s.) əmələ gəlməsində böyük rol oynayır.
Bu amillər dərinin funksionallığının və quruluşunun dəyişməsinin səbəbi ola bilər. Xoşbəxtlikdən, müasir dermatologiya dəri xəstəlikləri ilə uğurla mübarizə aparır”.
Nazirlik rəsmisi əlavə edib ki, payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər:
“Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır.
Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərinin patogenezlərində əhəmiyyətli bir rol oynayır. Qaşınan səpgiləri və nevrotik pozğunluqlar ilə xarakterizə olunur».
“Demək olar ki, orqanizmdə müəyyən vitamin çatışmazlığı zamanı dəridə, dırnaqlarda, saçlarda və selikli qışalarda dəyişikliklər müşayiət olunur. Dermatovenerologiyada vitaminlər və onların müxtəlif kompleksləri, xəstəliklərin müalicəsinə tətbiq olunan dərmanlar etiopatogenetik amillər və bədən arasındakı əlaqəni dəyişdirən qeyri-spesifik immunomodulyasiya terapiya üçün istifadə olunur. Məsələn, B qrup vitaminlərin (B1-B6, B9 və B12) çatışmazlığı ekzema, psoriaz, neyrodermit, cüzam, seboreya, atopik dermatit və s, C vitaminin çatışmazlığı allergik dermatozlar, xroniki atrofik akrodermatit və s, A vitaminin çatışmazlığı akne, psoriaz, saçların və dirnaqlarin distrofiyası və s, D vitaminin çatışmazlığı dəri vərəmi, psoriaz və s, E vitaminin çatışmazlığı isə ixtioz, dermatomiozit, seboreya və s. kimi dəri xəstəliklərini yarada bilər”, - həkim əlavə edib.