Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi siyasəti bizim şüurlu seçimimizdir.
İ. Əliyev
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.
İ. Əliyev
Bu gün müstəqil Azərbaycanın həyatın ən müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər həqiqətən heyrətamizdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamı müstəqillik yolunda inamla addımlayan Azərbaycanın bu zəfərləri üçün möhkəm zəmin yaratmışdır. Praqmatik, müasir dünya görüşlü ölkə başçısı dünyadakı mütərəqqi inkişaf meyllərini düzgün müəyyənləşdirərək Azərbaycan gerçəkliyində öz əksini tapması üçün səylərini əsirgəmir. İlham Əliyev Ulu öndərin dövlətçilik, azərbaycançılıq konsepsiyasından bəhrələnərək ölkənin inkişaf tendensiyasına yeni, müasir dövrün tələblərinə uyğun çalarlar gətirmişdir.
Bu gün Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuş, yerləşdiyi bölgədə söz sahibi olan bir ölkəyə çevrilmişdir. Bütün bunlarla yanaşı, ölkəmiz həm də qloballaşan dünyanın bir hissəsidir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki uğurları, qələbəsi bütün dünyanı valeh etmişdir. Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Bu gün hətta super dövlətlər Azərbaycanın Şuşa əməliyyatının mahiyyətindən danışır və bu dövlətin hərbi nailiyyətini müzakirə edirlər. Azərbaycan özünün hərb tarixinə öz möhürünü vurmuşur və ən nəhəng dövlətlər içərisində özünün layiq olduğu yeri tutmuşdur.
Təbii ki, dünya birliyində və iqtisadiyyatında baş verən iri miqyaslı proseslər istər iqtisadi, istər siyasi, istərsə də mədəni sahədə olsun, Azərbaycana da təsirsiz ötüşmür, dünya ölkələrinin üzləşdiyi bir sıra problemlər Azərbaycandan da yan keçmir. İqtisadiyyatda qloballaşma prosesləri sürətləndikcə, bu sahədəki mənfi təzahürlər digər ölkələrə də sirayət edir. Bu problemlərdən biri də korrupsiya və rüşvətxorluqdur.
İqtisadi və siyasi islahatların aparıldığı bir dövrdə dövlət və yerli özünüidarəetmə orqanlarında korrupsiyanın geniş vüsət alması, onun ictimai-siyasi həyatın bütün sahələrinə sirayət etməsi cəmiyyətin “xərçəng” xəstəliyi hesab edilən bu hala qarşı mübarizənin gücləndirilməsi sahəsində siyasi və hüquqi tədbirlər proqramının işlənib hazırlanması zəruri olmuşdur.
Bazar iqtisadiyyatına keçid korrupsiyanın təzahür formalarından biri kimi vəzifəli şəxsin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə hallarının artması ilə müşahidə olunur. İqtisadi həyatda xüsusi mülkiyyətə yer ayrılması, varlılar təbəqəsinin üzə çıxması və onların dövlət məmurlarına qarşı münasibətdə müqayisə olunmayan dərəcədə yüksək maddi təminatı, kadrların seçilməsində, yerləşdirilməsində və təyin olunmasında dövlət nəzarətinin lazımi səviyyədə olmaması, hüquq mədəniyyətinin və hüquqi şüurun yüksəldilməsi sahəsində təbliğat işlərinin aparılmaması korrupsiyanı doğuran amillərdəndir.
Korrupsiya sosial hadisədir. O, şəxsi mənafeyi əsas tutaraq varlanmaq məqsədilə vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə xarakterizə olunan və bir çox hallarda isə az qala onların həyat tərzinə çevrilən, nəticə etibarilə idarəetmə sistemini iflic vəziyyətə salan, ictimai həyatın ən eybəcər formasıdır.
İqtisadi sahədə korrupsiya ədalətli rəqabətin pozulmasına, kölgə iqtisadiyyatının inkişaf etməsinə, gəlirlərin vergidən yayınmasına, investisiya qoyuluşunun, qiymətli kağızlar, sığorta və maliyyə bazarının inkişafının ləngiməsinə səbəb olur.
Yeni iqtisadi münasibətlərə - bazar iqtisadiyyatına keçid mərhələsində korrupsiya öz miqyası ilə diqqəti cəlb edir. O iqtisadiyyata əhəmiyyətli dərəcədə ziyan vurur, hökumət səviyyəsində qəbul edilmiş qərarların səmərəsini və vətəndaşların dövlət hakimiyyətinə olan etimadını zəiflədir, məhkəmə sistemində qanunsuz qərarların qəbul edilməsinə, ictimai həyatın və dövlət həyatının bütün sahələrində (təhsil, mədəniyyət, ordu, elm, incəsənət, siyasət və s.) özbaşınalığın baş almasına səbəb olur. Bütün bunlar öz növbəsində dövlətin daxili və xarici siyasətinə öz mənfi təsirini göstərməyə bilməz.
Azərbaycan tərəfinin 2003-cü il 30 dekabr tarixdə imzalamış olduğu “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” 1999-cu il yanvarın 27-də Strastburq şəhərində qəbul olunmuş Konvensiyada qeyd edilir ki, korrupsiya qanunun aliliyinə, demokratiya və insan hüquqlarına təhlükə yaradır, səmərəli dövlət idarəçiliyini sarsıdır, bərabərlik və sosial ədalət prinsiplərini pozur, rəqabət üçün şəraiti təhrif edir, iqtisadi inkişafı çətinləşdirir, demokratik təsisatların sabitliyinə və cəmiyyətin mənəvi dəyərlərinə təhlükə yaradır.
Zəmanəsinin məşhur siyasi xadimi Nikkolo Makiavelli korrupsiyanı əvvəlcədən müəyyənləşdirilməsi çətin, lakin müalicəsi asan olan, bir müddət sonra isə müəyyənləşdirilməsi asan, lakin müalicəsi mümkün olmayan xəstəliyə bənzətmişdir.
“Müalicə olunmasına” gərgin əmək tələb olunan “xəstəliyin” qarşısının alınması istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən vaxtı ilə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli və “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 2000-ci il 8 iyun tarixli Fərmanlar imzalamışdır.
Ulu öndər qeyd edirdi ki, rüşvətxorluq cəmiyyəti içindən yeyir, bu hallara qarşı mübarizə hamının işidir. Son illər bu sahələrdə aparılan ardıcıl islahatlar və əldə olunan müsbət nəticələr dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşdırılmasında mühüm mərhələ olmaqla, iqtisadi potensialın artmasında böyük rol oynamış, ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmiş, əhalinin maddi rifahının yaxşılaşması üçün əsaslı zəmin yaratmışdır.
Korrupsiya (latınca - corruptio) satın alınmaq, ictimai və siyasi xadimlərin, dövlət məmurlarının və vəzifəli şəxslərin satın alınması və satılması deməkdir.
Korrupsiya elə bir xəstəlikdir ki, həm varlı, həm də kasıb ölkələrə məxsusdur və dövlətdə bir siyasi, yaxud iqtisadi formasiyadan digərinə keçid zamanı daha geniş və sərt şəkildə özünü büruzə verməyə vərdişlidir.
Müasir beynəlxalq normativ sənədlər korrupsiyanın müxtəlif təriflərini vermişdir. BMT-nin korrupsiya ilə bağlı sənədlərində o, şəxsi maraqlar üçün dövlət hakimiyyətindən sui-istifadə kimi başa düşülür, yəni korrupsiya rüşvətxorluqdan kənara çıxır. Bu anlayışa rüşvətxorluğu da, şəxsi əlaqələr zəminində himayəni də və şəxsi istifadə üçün ictimai vəsaitlərin qeyri-qanuni mənimsənilməsini də özündə ehtiva edir.
Avropa Şurasının korrupsiya ilə bağlı sahələrarası qrupu korrupsiyanın daha geniş anlayışını vermişdir. Korrupsiya özü-özlüyündə dövlət və ya xüsusi sektorda müəyyən öhdəliklərin yerinə yetirilməsi həvalə olunmuş vəzifəli şəxslərin rüşvətxorluğu və ya başqa qaydada vəzifəli şəxslərin ələ alınmasını nəzərdə tutur. Bu halda korrupsiya hüquqpozmalarının subyektləri yalnız vəzifəli şəxs olmaya da bilər.
Korrupsiyanın təriflərinin sayını artırmaq və başqa cür də təriflərini vermək olar. Lakin bununla korrupsiyanın mahiyyəti dəyişmir. Bir sıra Konvensiyaların, xarici dövlətlərin qanunvericiliyinin təhlili onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının qanunvericiliyi korrupsiyanın anlayışını daha tam və dolğun ifadə etmişdir.
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının işlənib hazırlanmasında işçi qrupunun fəal üzvlərindən biri kimi tam məsuliyyətlə qeyd edə bilərəm ki, Konvensiyanın layihəsinin ilkin variantı müzakirəyə qeyri-müəyyən redaksiyada təklif edilmişdir. Bir çox ölkələrin hüquqşünasları, alimləri, qanunverici orqanların məsul əməkdaşları, ekspertləri korrupsiya anlayışının verilməsində vahid fikrə gələ bilməmişlər və bu səbəbdən də Konvensiyada korrupsiyanın anlayışını vermək mümkün olmamışdır.
Azərbaycan nümayəndə heyətinin təkidli tələbinə əsasən Korrupsiyanın anlayışı qüvvədə olan redaksiyada qəbul edilmişdir. Təklifimiz əksər ölkələrin nümayəndələri tərəfindən dəstəklənmişdir (işçi variantın nüsxələri tərəfimdən saxlanılır).
Eyni zamanda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun əsas müəlliflərindən biri kimi məsuliyyətlə vurğulamaq istərdim ki, bizim qanun Azərbaycana ezam edilmiş Avropa Şurasının ekspertləri tərəfindən yüksək dəyərləındirilmiş və Azərbaycan Parlamenti tərəfindən çox mükəmməl bir Qanun ortaya qoyulmuşdur.
Bu Qanuna görə korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Verilən anlayışların biri digərindən fərqli olmasına baxmayaraq korrupsiyanın anlayışında verilən hərəkətlərin törədilməsi məsuliyyət yaradan əməllər hesab edilir.
Azərbaycan cəmiyyətində də korrupsiya deyiləndə ilk növbədə bu ifadə rüşvət almaq, rüşvət vermək anlamına gəlir. Əslində bu belə deyildir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində korrupsiyanın nədən ibarət olmasının açıqlanması verilmişdir. Qısaca da olsa onlardan bir neçəsini qeyd etmək istərdim. Korrupsiya dedikdə vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsi müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etmə, əldə etmə və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı vədi və ya təklifi qəbul etmə və sair hərəkətlər başa düşülür.
Korrupsiya ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində korrupsiya cinayətlərinə böyük fəsil ayrılmışdır və bu əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Tarixən Azərbaycanda vəziyyətin nə cür olduğunu bilmək üçün keçmişimizə bir balaca ekskurs etmək bəlkə də yerinə düşərdi. 1846-cı ildə “Kavkazskiy kalendar” Azərbaycan barədə verdiyi məlumatlardan birində yazırdı: “Yerli sakinlərdən heç kəs, hətta gecələr belə evlərinin qapılarını bağlamır, bu barədə düşünmürlər də, qarovul söhbəti, alıb-vermək və oğurluq söhbəti burada yoxdur”.
Aradan 60 il keçəndən sonra 1906-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin hokumət üzvü, 1-ci Dövlət Dumasının deputatı İsmayıl xan Ziyadxanov Dumanın tribunasından demişdi: “Bizdəki idarə sistemi tənqid xaricindədir. O qədər ki, əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahilləri olaraq düşünülərsə, bu dənizlə sizə gərəkli olmayan nə qədər boş və səfil varsa, hamısını bizim Qafqaz sahillərinə fırıldadıb atırsınız. Və bunlar da əslən əxlaqsız olan bir idarənin məmur kadrlarını tamamlamağa yaramış olurlar”.
Yuxarıda qeyd edilənlər Azərbaycanın heç də korrupsiya meylli dövlət olmaması qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi, bu virus bizə kənardan idxal edilmişdir. Virus isə elə bir bəladır ki, onun fəsadları istər-istəməz özünü biruzə verir.
Gəlin görək başqa xarici dövlətlərdə vəziyyət necədir?
İngiltərə kimi dövlətdə korrupsiyanı nəzarət altına almaq üçün 100 ildən artıq vaxt lazım olmuşdur. Amma bunun əksinə olaraq Sinqapur və Honkonq kifayət qədər tez bir zamanda korrupsiyadan təmiz səviyyəyə keçmişdilər. Botsvana isə bunu 10 il ərzində etmişdir. Çili bir neçə ilə korrupsiyanın öhdəsindən gəlmişdir. Polşa və Uqanda qısa bir müddətdə korrupsiyaya nəzarət yolunda uğurlu irəliləyişə nail olmuşdular.
Bu müvəffəqiyyətlərin ümumi xüsusiyyətləri hansılardır?
Korrupsiya ilə mübarizəni həyata keçirən hüquq-mühafizə orqanları, məsələn, Honkonqda korrupsiyaya qarşı müstəqil komissiya, Botsvana, Çili, Malayziya, Sinqapurda korrupsiyaya qarşı mübarizə aparan müvafiq qurumlar.
Honkonq dünyanın maliyyə paytaxtlarından biri hesab edilir. Korrupsiyaya qalib gəlmək istiqamətində hakimiyyətə 30 il vaxt lazım olmuşdur. 1970-ci illərin əvvəllərində Honkonq cinayətkarlığın mərkəzi sayılırdı. 1973-cü ildə korrupsiyaya qarşı mübarizə komissiyası yaradılmışdır. Həmin komissiya birbaşa Honkonqun general-qubernatoruna tabe oldu. Bu komissiyaya ən nüfuzlu universitetlərin məzunlarını və şübhəli əlaqələri olmayan mütəxəssisləri cəlb edildilər. Komissiya üzvləri beş il müddətinə təyin olunurdu.
Uzun illər ərzində korrupsiya Honkonqda çoxşaxələnmiş sistemə çevrilmişdir. Bunu anlayaraq korrupsiyaya qarşı mübarizə komissiyası “iri balıqları” hədəf seçmişdir. Korrupsiyaya uğramış ən nüfuzlu vəzifəli şəxsləri dəmir barmaqlıqlar arxasına saldıqdan sonra, bu komissiya korrupsiyanı başsız qoydu. Güc aksiyaları ilə parallel olaraq hökumət problemə bütün cəmiyyəti qoşaraq təbliğat işi apardı.
Komissiyaya kifayət qədər geniş səlahiyyətlər verilmişdir. Faktiki olaraq komissiyanın əməkdaşları hərbi məhkəmələrin qanunları əsasında fəaliyyət göstərirdilər: kifayət qədər əsas olardısa, məmuru həbs edə, ittiham irəli sürmədən onu həbsdə saxlaya bilərdi, bank hesablarını dondura bilərdi. Təqsirləndirilən şəxs pulun qanuni yolla əldə edildiyini sübut edərdisə, o, təqibə məruz qalmırdı.
Komissiyanın üzvləri özləri rüşvətxorlara çevrilməsinlər deyə, hökumət qabaqlayıcı tədbirlər gördü. Başqa məmurlardan fərqli olaraq onların əmək haqları artırıldı. Komissiyaya nəzarət sahibkarlardan ibarət “ictimai komitələr” və ictimaiyyətin nümayəndələri tərəfindən həyata keçirildi. Əgər 1974-cü ildə Honkonqun dövlət aparatının 90 faizi korrupsiya virusuna yoluxmuşdursa, bu rəqəm 2000-ci ildə 6, hazırda isə 3 faizə enmişdir.
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə 28 iyul 2007-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanların səmərəli surətdə fəaliyyət göstərməsi üçün bu orqanların müstəqilliyinin təmini və heç bir təsirə məruz qalmaması üçün əlavə tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanları həyata keçirirlər. Dövlət Proqramı üzrə tədbirlərin 3.7-ci bəndində nəzərdə tutulmuş korrupsiyaya qarşı mübarizə məqsədilə hüquq-mühafizə orqanları aparatlarında daxili nəzarətin təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2004-cü il 30 iyun tarixli Fərmanı ilə Daxili İşlər Nazirliyinin strukturunda Daxili Təhlükəsizlik İdarəsi yaradılmışdır. Analoji İdarələr Vergilər, Fövqəladə Hallar Nazirliklərində, Gömrük Komitəsində, Dövlət Miqrasiya Xidmətində yaradılmışdır. Dövlət Sərhəd xidmətində daxili nəzarətin həyata keçirilməsi ayrıca struktur bölməyə həvalə edilmişdir. Daxili nəzarətin həyata keçirilməsinin əsas məqsədi dövlət orqanlarında inzibati nəzarəti təmin etmək, korrupsiya ilə əlaqədar hüquqpozma törədən əməkdaşları müəyyən edərək müvafiq tədbirlər görməkdir.
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər) korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət təqibinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsi tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Bu idarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur və Baş Prokurora tabedir. Korrupsiya ilə effektiv mübarizə aparılmasına görə bu idarənin qarşısında çox mühüm vəzifələr qoyulmuşdur və ona geniş səlahiyyətlər verilmişdir.
Azərbaycan Prezidentinin 2011-ci il11 mart tarixli Fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əvvəlkindən fərqli olaraq bu İdarənin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfər müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanında dəyişikliklər edilərək Baş İdarə əməkdaşların ştat vahidi 100-dən 140-a çatdırılmışdır. İdarənin prokurorluq işçilərinin və xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, o cümlədən bu idarənin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır.
Dövlət Proqramına görə korrupsiyaya qarşı mübarizə aparan orqanlara ictimai etimadın olması əsas amillərdəndir. Buna görə də həmin orqanların işi mümkün qədər şəffaf qurulmalı və bu orqanlar həyata keçirdikləri tədbirlər haqqında ictimaiyyəti məlumatlandırmalı, öz fəaliyyəti barədə dövri məruzələr tərtib etməlidirlər.
Korrupsiyanın çiçəklənməsinə şərait yaradan amillərdən biri də qohumluq əlaqələridir. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Belə bir müddəa “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsində öz əksini tapmışdır.
Nepotizm (latınca - nepos) – nəvə, qardaş oğlu, bacıoğlu, quda, qohumlara və öz adamlarına xidməti himayədarlıq kimi başa düşülür. Qədim dövrdə roma papaları öz hakimiyyətlərini möhkəmlətmək naminə gəlirli vəzifələri, ali dini rütbələri öz qohumlarına paylayırdılar. Nepotizm əsasən 15-16 əsrlərdə geniş yayılmışdır.
Belə halların qarşısını almaq üçün əksər Avropa dövlətləri öz qanunvericiliyində vəzifəli şəxslərin yaxın qohumlarına bilavasitə onların tabeliyində olan hər hansı bir vəzifə tutmağı qadağan edir.
Oxşar normalar keçmiş SSRİ respublikalarının qanunvericiliyində nəzərdə tutulmuşdur. Məsələn, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Qazaxstanın, Qıqğızıstanın və bir sıra dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuşdur.
Yaxın qohumlar anlayışı Cinayət Prosessual Məcəlləsində və Əmək Məcəlləsində verilmişdir. Fikrimizcə, bu Qanunun məqsədləri üçün babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr, qudalar, ərinin (arvadının) valideynləri, qardaşlar, bacılar yaxın qohumlar hesab edilməlidirlər.
Hələ “Korrupasiyaya qarşı mübarizə haqqında” Qanun qəbul edilməmişdən öncə vəzifəli şəxsin yaxın qohumları bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər tələbi Azərbaycan Respublikasının bəzi normativ hüquqi aktlarında öz əksini tapmışdır.
Hazırda qüvvədə olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin “i” bəndinə müvafiq olaraq hərbi qulluqçular vəzifəyə təyin edilərkən riayət etməli olduqları şərtlərdən biri ondan ibarətdir ki, bir-biri ilə yaxın qohum olanlara - qudalıq əlaqəsində olan hərbi qulluqçulara (valideynlər, ər-arvadlar, qardaşlar, bacılar, oğullar və qızlar, eləcə də ər-arvadın qardaşları, bacıları, valideynləri və uşaqları) onların bir hərbi hissədə (idarədə, təşkilatda, hərbi təhsil müəssisəsində, müəssisədə), birləşmədə həqiqi hərbi xidmət keçməsinə əgər birinin digərinə tabeçiliyi və ya nəzarəti altında olması ilə bağlıdırsa, icazə verilmir.
Qanun tərəflərə imkan verir ki, bu tələblərin pozulması müəyyən edildiyi təqdirdə həmin tələbləri pozan şəxslərdən biri 30 gün müddətində tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilsin, bu mümkün olmadıqda isə onlardan biri tutduğu vəzifədən azad olunsun. Vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədəki bu tələb “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun layihəsi üzərində işlənilərkən “Yaxın qohumların birgə işləməsinə yol verilməməsi” başlığı altında mövcud Qanunun 7-ci maddəsində öz əksini tapmışdır.
Vəzifəli şəxsin hər hansı hədiyyə qəbul edə bilib-bilməməsi də Qanunda təfsilatı ilə aydın şəkildə izah edilmişdir.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.
Azərbaycan Respublikasının qanunvericiliyi vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir.
Bir çox ölkələrin qanunvericiliyində olduğu kimi vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsini Qanun qadağan edir.
Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.
Vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar alınan hədiyyələr Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il 11 may tarixli R(2000) 10 nömrəli “Dövlət qulluqçuları üçün davranış haqqında kodeks”in tövsiyyələrinə uyğun olaraq kiçik hədiyyələr və adi qonaqlıq hədiyyə hesab edilmir. Məsələn, Amerika Birləşmiş Ştatlarının qanunvericiliyinə görə vəzifəli şəxsi ələ almağın qarşısını almaqdan ötrü 33 ştatda hədiyyə almaq, 29 ştatda isə dövlət qulluqçularına hətta məqalə və çıxışlara görə qonorar almaq qadağandır. Litva Respublikasının 1997-ci il 2 iyul tarixli Qanununa müvafiq olaraq hədiyyələr beynəlxalq protokol qaydalarına və ənənələrə uyğun alınmışsa, bu qadağalar tətbiq olunmur. Latviya Respublikasının “Korrupsiyanın qarşısının alınması haqqında” 1998-ci il 23 oktyabr tarixli Qanununun 13-cü maddəsinə müvafiq olaraq vəzifəli şəxs yalnız diplomatik rəsmi səfərlər, Latviyanın milli bayramları zamanı və əlamətdar günlərdə və Hökumətin müəyyən etdiyi bir sıra hallarda hədiyyə ala bilər.
ABŞ-ın qanunvericiliyinə müvafiq olaraq ölkənin birinci şəxsləri və digər yüksək vəzifəli şəxslər əcnəbilərdən hədiyyə alarlarsa və həmin hədiyyənin dəyəri 300 ABŞ dollarından çox olarsa, o, Milli arxivə təhvil verilməlidir. Yeri gəlmişkən, ABŞ-ın dövlət başçılarına verilən hədiyyələri onların prezident kitabxanalarında və xüsusi sərgilərdə görmək olar.
“Amerika Birləşmiş Ştatlarının dövlət qulluqçularının etik davranışının standartları”nda hədiyyə qismində nəyin götürülə biləcəyi, nəyin götürülə bilinməyəcəyi, hədiyyənin hansı məbləğdə, hansı miqdarda götürülə biləcəyi dəqiqliyi ilə göstərilmişdir.
Amerika senatorları üçün xarici vətəndaşlardan və təşkilatlardan daxil olan hədiyyənin dəyəri 75 ABŞ dollarından, konqresmenlər üçün isə 100 dollardan çox ola bilməz. Hədiyyə xoşuna gələrsə, dövlət qulluqçusu həmin hədiyyənin dəyərini ödəməklə onu əldə edə bilər. İl ərzində senatorlara verilən hədiyyənin dəyəri 300 ABŞ dollarından çox ola bilməz.
Amerikanın dövlət qulluqçusuna verilən istənilən suvenirin dəyəri 50 dollardan çox olarsa, bu rüşvət hesab olunur.
Amerikanın Dövlət Departamenti hər il ölkənin birinci şəxslərinə verilən hədiyyələrin siyahısını Milli arxivin “Federal Register” adlı xüsusi məcmuəsində dərc edir. Prezident hədiyyələrinin siyahısından məlum olur ki, Ağ evin sahiblərinə verilən hədiyyələr onların tabeçiliyində olanlardan azdır.
2007-ci ildə sabiq dövlət katibi Kandoliza Rays amerika məmurları arasında ən çox hədiyyə alanlar siyahısında olmuşdur. Dövlət Departamentinin ekspertlərinin hesablamalarına görə xanım Rays təkcə İordaniyanın və Səudiyyə Ərəbistanının krallarından 316.000 dollar dəyərində zinət əşyalarını qəbul etmişdir. Yeri gəlmişkən, sabiq prezident Corc Buşa verilən hədiyyələrin dəyəri bu məbləğdən üç dəfə az olmuşdur, birinci ledi Lora Buşa verilən hədiyyələrin cəmi isə 85.000 ABŞ dolları təşkil etmişdir.
Müəyyən edilmişdir ki, Dalay Lama Amerika prezidentinin xanımına 6 dollar dəyərində olan ən ucuz hədiyyə - qurudulmuş meyvə və çərəzlə doldurulmuş kisəçik hədiyyə etmişdir.
Korrupsiya ilə mübarizə çərçivəsində son illər Cənubi Koreyada vəzifəli şəxslər kənar şəxslərdən heç bir hədiyyə və buna oxşar şeylər ala bilməzlər. Qanuna görə dövlət qulluqçusu dəyəri 30.000 vondan (27 dollar) çox olan hədiyyəni qəbul edə bilməz, başqasının hesabına nahar etmək isə qadağan edilir.
Bu məbləğ Koreya üçün çox cüzidir. Hədiyyə göstərilən məbləğdən yuxarıdırsa, yaxşısı budur ki, belə hədiyyəni qəbul etməyəsən, qəbul etmisənsə, onu dövlətə təhvil verməlisən. Əks halda bu rüşvət kimi qiymətləndiriləcəkdir.
Əlbəttə dövlət qulluqçuları ilə bağlı Koreyada baş verən korrupsiya qalmaqalları korrupsiyaya qarşı mübarizə haqqında qanunu pozanların sayının o qədər də az olmadığını deməyə əsas verir.
Buna baxmayaraq, dövlətin ehtiyat fondu dövlət qulluqçularına verilən qiymətli avtoqələmlərlə, rəsm əsərlərilə, spirtli içkilər və digər əşyalarla zənginləşir. Söhbət Koreyanın ali rəhbərliyinə verilən hədiyyələrdən gedirsə, bütün hədiyyələr anbarlara yığılır, sonradan nadir və maraqlı əşyalar xüsusi sərgilər keçirilən zaman ictimaiyyətə sərgilənir.
Misal üçün, Koreya Xalq Demokratik Respublikasında Mexyansan dağlarının füsunkar guşələrinin birində qayalıqlarda KXDR-nın rəhbərləri Kim İr Sen və Kim Çin Er tərəfindən alınan hədiyyələrin əvəzsiz muzeyi yaradılmışdır. Burada nələr yoxdur, 178 ölkədən 219.000 hədiyyə: vazalar, qılınclar, gümüş qablar, rəsm əsərləri, nadir mineraldan və qara ağacdan hazırlanmış xırda şeylər və s. və i.a. Hesablamalara görə hər hədiyyəyə bir dəqiqə ərzində baxmağa vaxt sərf edərsənsə, gözünü qırpmadan muzeydə 1,6 il vaxt keçirmək lazım gələr.
Vaxtı ilə SSRİ və Çin Xalq Respublikasının rəhbərləri İosif Stalin və Mao Sze Dun Kim İr Senə hərəsi bir fərdi zirehli dəmiryolu vaqonu hədiyyə etmişlər. Bütün eksponatların içində ölçülərinə görə bunlar ən böyük hədiyyələr hesab olunur.
Korrupsiya və rüşvətxorluq inkişaf etmiş Avropa ölkələrinin də ümumi bəlasıdır. Bu baxımdan, korrupsiyaya qarşı mübarizə ilə bağlı Fransanın təcrübəsi çox maraqlıdır.
Dövlət qulluğuna daxil olan fransız bir sıra qaydalara əməl etməlidir. Onlardan birinə görə, öz vəzifələrini icra edərkən məsələn, ad günün və ya Yeni il münasibəti ilə hansısa qiymətli hədiyyəni qəbul edə bilməzsən. Bundan əlavə, “qiymətli hədiyyə”nin dəyərinin 35 avrodan yuxarı ola bilməməsi birmənalı göstərilmişdir. Hədiyyənin məbləği bundan çox olarsa, hədiyyədən imtina edilməli və ya rəhbərliyi məlumatlandırmalısan.
Fransanın qanunvericiliyi dövlət qulluqçuları barədə çox sərtdir. Qanunda qeyd edilir ki, dövlət qulluqçusu hər hansı birbaşa və ya dolayı yolla hədiyyə, özü və ya başqası üçün imtiyazlar və ya güzəştlər əldə edərsə, o, 10 il müddətinə azadlıqdan məhrum edilə və 150.000 avro miqdarında cərimə edilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə dövlət qulluqçusu xidməti vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri əlli beş manatdan yuxarı olan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Yazı çapa hazırlanarkən hansı ölkənin nümunə ola biləcəyi üzərində çox götür-qoy etdikdən sonra seçimimi Sinqapur üzərində saxladım. Hazırda korrupsiyaya qarşı mübarizədə ağlasığmaz nəticələrə nail olan, ən çox maraq doğuran dövlət Sinqapurdur.
Sinqapur Malay yarımadasının cənubunda yerləşən ada olkəsidir. Bu ölkə ekvatordan 137 kilometr şimalda, Malayziyanın Coxor ştatından cənubda və İndoneziya adalarından şimalda yerləşir. Ərazisi 710,2 kvadrat kilometr olan Sinqapur (Sinqapur dövlətinin ərazisi Ukraynanın paytaxtı Kiyev şəhərindən də kiçikdir) dünyanın çox olmayan şəhər-dövlətlərindən biri və Cənub-Şərqi Asiyanın ən kiçik ölkəsidir. Sinqapurun əhalisi 6.056.142 nəfər təşkil edir. Əhalinin əksəriyyəti isə çinlilərdir. İngilis dili, putunxua, malay və tamil dilləri ölkənin rəsmi dövlət dilidir. Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Sinqapur müxtəlif dinlərə aid olan çoxmillətli dövlətdir.
Müstəqillik əldə edilən vaxta qədər Sinqapur kasıb, hətta içməli suyu Malayziyadan gətirən dövlət olub. Artıq neçə illərdir ki, Sinqapurlular kanalizasiya sularını, axar suları çaylara və dənizə axıtmırlar. Bütün çirkab sular əvvəlcədən təmizlənir və yüksək texnologiyalar vasitəsilə həmin sular istifadəyə yararlı vəziyyətə gətirilir. Sinqapurlular təkcə kanalizasiya sularını təmizləmirlər. Onlar dəniz suyunu təmizləyir və yağış suyunu yığırlar. Suya qənaət edən Sinqapurlulara kommunal xidmətlərin ödənişində müəyyən güzəştlər edilir. Hazırda Sinqapurda 15 su anbarı mövcuddur.
Müstəqillik əldə etdikdən sonra Sinqapur korrupsiyadan əziyyət çəkən ölkələrdən biri idi. Yaranmış vəziyyəti Sinqapurun sabiq Baş naziri Li Kuan Yu belə xatırlayır: “Korrupsiya Asiya həyat tərzinin əsas atributlarından biridir. İnsanlar açıqdan-açığa hədiyyə, pay alırdılar, bu onların həyatının bir hissəsi idi. Nazirlər və vəzifəli şəxslər öz məvaciblərinə yaşaya bilmirlər, çünki bunu onların statusu tələb edir. Vəzifə yüksəkdirsə, evlər də böyük olmalıdır, arvadlarının, məşuqələrinin sayı da çox olmalıdır. Sahibkarlıqla məşğul olan Sinqapurlular ayıq olmalıdırlar ki, pis vərdişləri evlərinə yaxın qoymasınlar.”.
Bir sıra sahələrdə, o cümlədən hakimiyyətin yuxarı dairələrində korrupsiya o qədər mütəşəkkil xarakter almışdır ki, onunla mübarizə aparmamaq məhvə məhkum olmaq demək idi.
Məmurların qanunsuz gəlirlərini müəyyən etmək üçün 1959-cu ildə xüsusi idarə - (Corrupt Practices Investigation Bureau) Korrupsiyanı təhqiq edən büro yaradılmışdır. Büronun direktoru Sinqapurun Baş nazirinə tabedir, heç kim bu büroya istintaqı dayandırmağa dair göstəriş verə və təsir edə bilməzdi. Büronun agentləri təkcə məmurların deyil, onların uşaqlarının, arvadlarının, qohumlarının və dostlarının bank hesablarını yoxlayırlar. Məmur qanunsuz vəsaitlər hesabına yaşayarsa, büro yuxarıdan göstəriş gözləmədən istintaqa başlayır. Nazir bəyannamədə onun köhnə maşını olduğunu göstərirsə, belə hal bizim ölkədə heç kimi təəccübləndirmir. Belə hesabatdan sonra Sinqapurda yoxlamaya start verilir.
Korrupsiya ilə ciddi mübarizə aparmaq məqsədilə Büro hakimiyyətin yuxarı dairələrində korrupsiya ilə mübarizə aparmağa başladı. Araşdırmalar hətta Li Kuan Yu-nun yaxın qohumları barəsində də həyata keçirilməyə başladı. Korrupsiya əməllərində təqsiri olan bir sıra nazirlərdən kimisi müxtəlif cəzalara məhkum edildilər, kimisi intihar etdi, kimisə də ölkədən qaçdı. Onların arasında Li Kuan Yu-nun yaxın silahdaşları da var idi.
Ən dramatik hadisələrdən biri milli inkişaf naziri Te Çin Vanla bağlı baş vermişdi. Li Kuan Yu “Sinqapur tarixçəsi: “üçüncü dünyadan” birinciliyə” adlı kitabında bu hadisəni belə xatırlayır: 1986-cı ilin noyabr ayında milli inkişaf nazirinin köhnə tərəf müqabillərindən biri Korrupsiyanı təhqiq edən Büroda izahat verərkən etiraf etmişdir ki, dövlətə məxsus torpaq sahəsini özəl tikinti şirkətinin mülkiyyətində saxlamağa və podratçıya dövlət torpağı əldə etməyə kömək məqsədilə 1981-1982-ci illərdə Te Çin Vana iki dəfə nağd şəkildə 400.000 sinqapur dolları rüşvət vermişdir. Te Çin Van rüşvət almasını inkar edirdi və bu işin dayandırılması üçün komissiyanın baş köməkçisi ilə sövdələşməyə çalışırdı.
Hökumətin köməkçisi bu barədə mənə məlumat verdi və bildirdi ki, Te Çin Van mənimlə görüşməyə şərait yaradılmasını xahiş etmişdir. Mən bildirdim ki, istintaq qurtarmamış onunla görüşə bilmərəm. Bir həftə sonra, 1986-cı il dekabrın 15-də təhlükəsizlik zabiti mənə xəbər verdi ki, Te Çin Van ölmüş və mənə məktub yazmışdır. Məktubun məzmunu belə idi: Son iki həftə ərzində mən kədər və ruh düşgünlüyü içində idim. Yaranmış xoşagəlməz anlaşılmazlığa görə öz məsuliyyətimi dərk edir və hesab edirəm ki, mən buna görə cavab verməliyəm. Bir alicənab şərq centlmeni kimi hesab edirəm ki, öz səhvimə görə ən ağır cəzaya layiqəm.
Səmimiyyətlə Sizin Te Çin Van.
Mən Te Çin Vanın dul qalmış arvadına baş çəkdim. O, bildirdi ki, əri bütün həyatı boyu hökumətə xidmət etmiş və öz şərəfini qorumağa çalışmışdır. Xanımın narahatlığı meyitin yarılması ilə bağlı idi. Bu isə o halda mümkün olardı ki, həkim mərhumun təbii qaydada öldüyünü təsdiq etmiş olsun. Ölümün səbəblərini müəyyən etmək üçün meyiti yarmaq lazım gəldi. Meyidi yardıqdan sonra məlum oldu ki, o, amital natriy (sodium amytal) içərək intihar etmişdir. Müxalifət bu məsələni gündəmə gətirərək istintaq komissiyasının yaradılmasını tələb etdi. Mən buna şərtsiz razı oldum. Komissiyanın rəyi onun arvadı və qızı üçün o qədər çətin və ağır oldu ki, onlar Sinqapuru tərk etməli oldular və bir daha oraya qayıtmadılar.”.
Sinqapur son 40 ildə dünyanın ən varlı dövlətlərindən birinə çevrilmişdir. Sinqapur möcüzəsinin banisi, onun yaradıcısı - Li Kuan Yu-dur. O, 1959-cu ildən 1990-cı ilə qədər Sinqapurun Baş naziri vəzifəsində çalışmışdır.
Böyük Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer öz xatirələrində qeyd edirdi ki, vaxt var idi Sinqapur Böyük Britaniyadan öyrənirdi, indi biz Sinqapurdan öyrənirik.”. Daha sonra o qeyd edirdi: “Baş nazir olduğum dövrdə mən Li Kuan Yu-nun bütün çıxışlarını oxuyurdum və analiz edirdim. O, müasir dövrün əsas problemləri ilə bağlı fikirlərini son dərəcədə aydın ifadə etmək və həmin problemləri həll etmək bacarığına malik idi. O, bir dəfə də olsun səhv etməmişdir.”.
Hazırda Sinqapur informasiya texnologiyaları sahəsində Danimarka və İsveçrədən sonra dünyada üçüncü yeri tutur. İnsanların həyat səviyyəsi həddindən artıq yüksəkdir. Qızıl ehtiyatlarına görə Çin və Yaponiyadan sonra Sinqapur dünyada üçüncü yerdədir. Ölkə dünyada ən rahat yaşanası yer sayılır. Bir sözlə, bu ölkənin uğurlu inkişafı və çiçəklənməsi bir sıra inkişaf etmiş ölkələr üçün nümunədir.
Sinqapur səviyyəsinin heç olmasa 50 faizinə çatmaq üçün Azərbaycanımızın hər cür imkanı var. Ən əsası isə odur ki, ölkə başçısının siyasi iradəsi var. Bu çox önəmli faktordur.
Ümummilli liderimizin korrupsiya ilə bağlı bir sıra müdrik kəlamları var. Onlardan biri də odur ki, rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir. Bu sözlər onu deməyə əsas verir ki, vəzifəli şəxsin korrupsiya əməlləri nəticəsində qanunsuz əldə edilmiş əmlakın və qanunsuz əldə edilmiş imtiyazların və ya güzəştlərin dəyəri dövlətə çatmalıdır.
Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlakın və qanunsuz əldə edilmiş imtiyazların və ya güzəştlərin dəyərinin könüllü olaraq dövlətin nəfinə ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallardan hesab edilir.
Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina edərlərsə, onun dəyəri müvafiq dövlət orqanlarının iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.
Qanunvericiliklə dövlətin nəfinə ödəmə mülki qaydada müvafiq dövlət orqanlarının iddiası əsasında və ya cinayət mühakimə icraatı qaydasında məhkəmə tərəfindən müsadirə yolu ilə həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının 31-ci maddəsində qeyd olunur ki, tərəflər elə tədbirlər görməlidirlər ki, cinayət törədilərkən istifadə olunan və ya istifadə oluna biləcək cinayətdən əldə edilən gəlirlərin, əmlakın, avadanlıqların və digər vasitələrin müsadirəsini təmin etmək mümkün olsun.
Konvensiyanın əsas müddəalarından biri də ondan ibarətdir ki, cinayətdən əldə edilən gəlir tam və ya qismən başqa əmlaka çevrilmişsə və ya dəyişdirilmişdirsə, göstərilən tələblər, yəni müsadirə həmin əmlak barəsində tətbiq olunur. 31-ci maddənin məqsədləri üçün iştirakçı dövlət öz məhkəmələrini və ya başqa səlahiyyətli orqanlarını müvəkkil edir ki, onlar bank, maliyyə və ya kommersiya sənədlərinin təqdim olunması və ya onların üzərinə həbs qoyulması barədə qərarlar versin. İştirakçı dövlət bank sirrinin qorunmasını əsas götürərək müvafiq tədbirlərin görülməsindən yayınmamalıdır.
İrimiqyaslı korrupsiyadan əldə edilən gəlirlər çox hallarda inkişaf etmiş ölkələrin bank hesablarında saxlanılır. Həmin bankların korrupsiyaya uğramış mühasibləri, hüquqşünasları və onların rəhbərləri belə müştərilərə xidmət göstərərkən əlavə suallar verməməyə çalışırlar. Odur ki, məhkəmələr belə halları aşkar edərlərsə, beynəlxalq yardımdan istifadə edərək korrupsiya əməllərində təqsiri olan şəxslər barədə qəti tədbirlər görməli və oğurlanmış vəsaitlərin qaytarılması üçün ciddi addımlar atmalıdırlar.
Hal-hazırda korrupsiya ilə mübarizə beynəlxalq xarakter almışdır. Dövlətlərarası iqtisadi əlaqələrin inkişafı, regional və dünya iqtisadi bazarında müstəqil təsərrüfat subyekti kimi dövlətlərin iştirak etmək hüququ korrupsiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılması zərurətini yaradır.
Korrupsiyaya qarşı mübarizə aparmalı olan orqanlar elə fikirləşməməlidirlər ki, əgər korrupsiyadan əldə edilən gəlir respublikadan çıxarılmışsa, onun qaytarılmasında kömək göstərən qüvvə yoxdur. Cəmiyyətimizdə elə fikir formalaşmışdır ki, məsələn, İsveçrə banklarında saxlanılan pul vəsaitləri nəinki geri qaytarılmır, hətta həmin vəsaitlərin bank sirri olduqca ciddi qorunur. Qeyd etmək lazımdır ki, pul vəsaitlərinin cinayət yolu ilə əldə edilməsi barədə məhkəmələrin əsaslandırılmış qanuni qərarları olduqda hətta İsveçrə hökuməti özü həmin vəsaitlərin qaytarılması istiqamətində təşəbbüs göstərir.
Bu fikrin davamı olaraq, ölkədə korrupsiya ilə mübarizədə Azərbaycanın hərtərəfli inkişafı üçün vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi başlıca şərt olmasını qeyd etmək yerinə düşərdi.
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı qeyd etmişdir ki, “korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcəkdir. Bu, bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.”. Daha sonra o, qeyd etmişdir ki, “Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər. Azərbaycanda ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır. İslahatların dərinləşməsi prosesi getməlidir. Bu da antikorrupsiya tədbirlərinin arasında mühüm əhəmiyyətə malik olan sahədir. Sağlam rəqabət təmin edilməlidir. Qeyri-sağlam rəqabət aradan qaldırılmalıdır. Bütün sahələrdə şəffaflıq təmin edilməlidir.
Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə ilə bağlı cənab İ. Əliyev bir daha vurğuladı ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Nəhayət, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı bir daha vurğulamışdır ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda vardır. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülübdür. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar. Eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır.
Bəli, xalq öz liderini dəstəkləyir, onun bu nəcib təşəbbüsünə qoşulur və ümidvarıq ki, bu mübarizə öz müsbət nəticəsini verəcəkdir.
Yuxarıda qeyd edilənlərdən də görünür ki, ölkə başçısı korrupsiyaya qarşı mübarizəni özünün prioritet vəzifələrindən biri hesab edir və bu məsələ daim onun nəzarətindədir. Belə ki, Azərbaycan Respublikası Prezidenti 2022-ci ilin 4 aprel tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında tarixi Sərəncam imzalamışdır. Həmin Sərəncamla Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Fəaliyyət Planının əsas və vacib müddəalarından biri odur ki, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur.
Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu 2004-cü il 13 yanvar tarixdə qəbul olunmasına baxmayaraq Qanunun 5.1-ci maddəsinin tələblərinə bu günə qədər əməl olunmayıb. Belə ki, həmin maddəyə görə vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə məlumatları təqdim etməlidirlər: Artıq Milli Fəaliyyət Planı maddənin bu tələbini vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili, qanunsuz varlanmaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təkliflər verilməsi redaksiyasında nəzərdə tutmuş və onun icrası Nazirlər Kabinetinə tapşırılmışdır. Digər icraçılar isə Baş Prokurorluq, və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyadır. Növbəti tədbirlərdən biri isə vəzifəli şəxslər tərəfindən təqdim edilən maliyyə xarakterli məlumatlar haqqında bəyannamədəki məlumatların müvafiq məlumat bazalarındakı məlumatlarla uyğunluğunun yoxlanılmasına imkan verən elektron informasiya mübadiləsinin formalaşdırılması ilə bağlı təkliflərin təqdim edilməsidir.
Planda bir çox məsələlərin həlli nəzərdə tutulmuşdur. Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə Milli Fəaliyyət Planının ana xəttini təşkil edir. Plana əsasən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlim kurslarının təşkili, hərbi qulluqçular üçün korrupsiyaya qarşı mübarizə sahəsində tədris kurslarının, treninqlərin və seminarların təşkili nəzərdə tutulur.
Bundan əlavə, Milli Fəaliyyət Planında yerli özünüidarəetmə orqanlarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı mütərəqqi norma Milli Fəaliyyət Planının əsas müddəaları kimi qeyr edilmişdir. Sənəddə yerli özünüidarəetmə sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmaları yaradan səbəb və şəraitin öyrənilərək aradan qaldırılması ilə bağlı əlavə tədbirlər görülməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi müəyyən edilmişdir.
Dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müvafiq qanunvericilik aktlarının hazırlanması Milli Fəaliyyət Planının əsas müddəalarından biridir. Hər halda bu sahədə müvafiq qanunvericilik qəbul edilərsə bir sıra neqativ halların qarşısı alınmış olar.
Ölkə başçısının imaladığı sənədə hörmətlə yanaşıram, lakin Milli Fəaliyyət Planının bir bəndi bir sıravi vətəndaş kimi məni çox narahat edir. Onu qeyd etməyə bilmərəm.
Sənəddə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. “Dözlət qulluqçularının etik davranış qaydaları” haqqında Qanun layihəsi müzakirə edilərkən bu müddəanın Qanun layihəsinə əlavə edilməsi təklif olunmuşdur. Ümumi razılığa gəlinmişdir ki, bu müddəa Qanunda öz əksini taparsa səhərisi gün bir dövlət qulluqçusu digərindən acığını çıxmaq üçün və ya sadəcə olaraq öz həmkarını ləkələmək üçün onun korrupsiya əməlləri ilə məşğul olması barədə məlumat verər. Nəticə olaraq, intizam icraatına başlanıla bilər, bu da vaxt itkisinə, dövlət qulluqçusunun işgüzar nüfuzuna xələl gətirər. Əslində, bunun əleyhinə deyiləm sadəcə olaraq Azərbaycan reallığı var, belə normanın gələcəkdə işləməsinə böyük şübhəm var.
Göründüyü kimi ölkə başçısı korrupsiya ilə mübarizədə öz siyasi iradəsini ortaya qoyub, sadəcə olaraq bir vətəndaş kimi biz fəaliyyətimizlə ona dəstək olmalı, qarşıda nəzərdə tutulan işlərdə ona yardımçı olmalıyıq. Hamımız şahidiyik ki, 2003-cü ildən üzü bu yana ölkə başçısı korrupsiya ilə bağlı silsilə qərarlar qəbul etmişdir və Azərbaycan vəyəndaşlarına arxayınlaşaraqona güvənərək ardıcıl olaraq bü mübarizənin davamlı olmasında səylərini əsirgəmir.
Bəli, biz nəinki Sinqapura layiq ölkəyik, bəlkə də ondan artığına, çünki bizim İlham Əliyev kimi zəfər çalmış Ali Baş Komandanımız, qüdrətli Prezidentimiz var. Cənab Prezident qeyd etdiyi kimi, “Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik”. Sadəcə olaraq buna istəyimiz və arzumuz olmalıdır. Biz hər yaxşı nədirsə, ona layiqik.
Məşhur alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə 2010-cu il 19 iyul tarixdə “Azadlıq” radiosuna verdiyi müsahibəsində bildirmişdir ki, “Mən İlham Əliyevi Sinqapurun lideri ilə müqayisə edirəm. Onlar çalışırlar ki, insanları başa düşsünlər, ölkəni irəli aparırlar. O, işıqlı bir liderdir.”
(//www.atc.az/forum/showthread.php?t=11628
//www.anl.az/down/meqale/impuls/2010/sentyabr/132047(meqale).pdf)
Bu fikirlər mənim deyil, dünyada seçilib sayılan, kifayət qədər böyük nüfuz sahibi olan, dahi bir insanın ifadəsidir.
Eldar Əsgərov
Milli Məclis Aparatının Dövlət Quruculuğu,
İnzibati və Hərbi qanunvericilik şöbəsinin
şöbə müdirinin sabiq müavini, pensiyaçı