“Buraxılış imtahanı bitdikdən sonra iştirak edən bütün şagirdlərin imtahan vərəqləri skan olunur. Bu zaman vərəqin üzərindəki şagirdə aid bütün məlumatlar, imzalar, ad və soyadlar, iş nömrələr elektron formatda silinir, bütün yazı işləri şifrələnir”.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımov deyib.
Buraxılış imtahanları ilə bağlı şikayətlərə aydınlıq gətirən DİM rəsmisi bildib: “Sənədlərin adı yeni şərti kodlarla qeyd olunur. Yazı işlərində hər bir tapşırıq elektron formada olur. Bir şagirdin müəyyən fənn üzrə cavabladığı tapşırıların hər biri ayrı qovluğa yerləşdirilir. Bu prosesə təxminən 5-7 gün vaxt ayrılır. Sonra tapşırıqlar üçün etalon işlər seçilməyə başlanılır”.
A.Qasımov vurğulayıb ki, qiymətləndirmə meyarlarının təkmilləşdirilməsində hər tapşırıq üçün bir neçə nəfərdən ibarət ekspert qrupu müəyyən qədər yazı işlərini gözdən keçirir:
"Nəticədə şagirdlərin yazı işlərində meydana çıxan fərqli hallar meyarlarla bəndlərə əlavə edir. Çünki tapşırığı tərtib edən müəllif həll üçün bir neçə üsul qeyd edə bilər, ancaq şagirdlər bunları müxtəlif üsulla da həll edə bilərlər. Hər tapşırıq üçün 130-150 yazı işi seçilir və onlara uyğun olaraq qiymətlər bazaya daxil edilir”.
Qeyd edək ki, bəzi abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələrindən narazıdır. Narazılıqlar əsasən yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesindəndir. Bir çox şagirdlər açıq sualların cavablarına verilən qiymətlərin obyektiv olmadığını, aşağı bal yazıldığını iddia ediblər.