"Azərbaycanın sülh müqaviləsinin hazırlanması üçün irəli sürdüyü 5 prinsip BMT Nizamnaməsinin təməl müddəalarına, beynəlxalq hüququn dövlətlərarası münasibətlərin əsasını təşkil edən digər norma və prinsiplərinə söykənir və regionda davamlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın ölkəmizin təkliflərinin qəbul edilməsindən başqa alternativi yox idi".
Bu sözləri Modern.az-a açıqlamasında Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının nitqində yer alan bir sıra istiqamətləri şərh edən deputat, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizin suveren hüquqlarının qorunması ilə bağlı atdığı addımlar, milli maraqlarımızın regional və qlobal miqyasda müdafiəsində nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqe, Ermənistana Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməkdən başqa alternativ saxlamayıb:
“Ermənistan hələ Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə Brüsseldə gerçəkləşən üçtərəfli görüşdən öncə Azərbaycanın təklifləri ilə razılaşdığını bəyan etmişdi. Brüsseldə keçirilən görüşlə bağlı Aİ Şurası prezidentinin yekun bəyanatında həm ölkəmizin irəli sürdüyü təkliflərin Ermənistan tərəfindən qəbul edildiyi vurğulandı, həm də sülh müqaviləsinin hazırlanması üçün konkret mexanizmlərin konturları müəyyənləşdi. Artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyini bəyan edir ki, bu da postmüharibə dövründə əldə olunan ən önəmli nəticələrdən biri kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, bu nəticənin təməlində Azərbaycanın Prezidentinin həm diplomatik müstəvidə, həm də Ermənistana öz destruktiv fəaliyyətini davam etdirəcəyi təqdirdə qarşılaşa biləcəyi problemlərin real nəticələrini anladacaq digər istiqamətlərdə yürütdüyü siyasət dayanır”.
Azər Kərimlinin qənaətinə görə, Brüssel görüşünün davamı kimi Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbətinin baş tutması, təkcə postmüharibə dövrünün deyil, son 30 ilin ən önəmli hadisələrindən biridir:
“Cənab Prezidentin də qeyd etdiyi kimi, iki ölkə arasındakı münasibətləri, son nəticədə iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər işçi qrupların formalaşması, həmçinin sülh müqaviləsinin hazırlanmasına dair işçi qrupların tezliklə öz işinə başlamaları prosesin sözdən əmələ keçdiyini nümayiş etdirir. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin ölkəmizin irəli sürdüyü və rəsmi İəvanaın qəbul etdiyi şərtlər çərçivəsində tənzimlənməsinə, regionda davamlı sülhün və təhlükəsizıiyin təmin olunmasına böyük ümidlər yaradır. Prezident İlham Əliyev öz nitqində bəyan etdi ki, Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz”.
Deputat ölkəmizin sülh müqaviləsi ilə bağlı diplomatik səylərini davam etdirməklə yanaşı, qalib Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması ilə istiqamətində də mühüm addımlar atdığını bildirib:
“Cənab Prezident öz nitqində bildirdi ki, müharibənin 44 gününün hər günü dərindən təhlil edilib və aparılmış təhlil imkan verib ki, gələcək ordu quruculuğu daha effektiv təşkil olunsun. Müharibədən sonra Azərbaycanda yeni qoşun növü – Komando növü yaradılıb və bu bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Azərbaycan öz silahlı qüvvələrini ən müasir silah-sursat və hərbi texnika ilə öz imkanları hesabına təmin edir. İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılır və dövlətimizin başçısının da bəyan etdiyi kimi daha da artırılacaq. Amma bununla yanaşı, ölkəmizin qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində qarşılaşdığımız və Azərbaycanı narahat edən bəzi məqamlar var. Bu isə silah almağa pulu olmayan Ermənistanın milyardlarla dollar dəyərində hərbi texnikaya sahib olmasıdır. Müharibədə Ermənistanın 4-5 milyard ABŞ dolları dəyərində olan hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilib və Silahlı Qüvvələrimizin potensialı bundan dəfələrlə çox hərbi texnikanı məhv etmək iqtidarındadır. Lakin Ermənistanı silahlandıran, bu ölkəyə pulsuz hərbi texnika verənlər də öz məsuliyyətlərini dərk etməli, davranışlarında səmimi və xoş niyyətli olmalıdırlar. Şübhəsiz ki, əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək”.