Dünən axşam saatlarında Göyçay rayonunda kütləvi zəhərlənmə olub. Belə ki, rayonda fəaliyyət göstərən “Zeynəb” restoranında təşkil olunmuş iftar süfrəsində 10 nəfər zəhərlənib. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətləri normal qiymətləndirilir.
Modern.az-ın əməkdaşı adıçəkilən restoranla əlaqə saxlayaraq, hadisə barədə təfərrüatları öyrənməyə çalışıb. Restoranın məsul işçisi zəhərlənmə hadisəsinin baş verdiyini təsdiqləyib:
“Dünən axşam iftar süfrəsi təşkil olunmuşdu. Süfrədə cəmi 3 qida var idi, kabab, pomidor və xiyar. Süfrədə turşu olmayıb. Zəhərlənmənin təzə pomidordan olduğu ehtimal edilir. Dünən axşam restoranda idik. Zəhərlənənlərin vəziyyəti çox da ağır deyildi. Xəstəxanaya müraciət etdilər, 1-2 saat müayinə olunduqdan sonra hamısı evə buraxıldı”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Polis Şöbəsinə məlumat daxil olan kimi araşdırma aparılıb. Toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.