Modern.az

MSK-da qanunsuz "dövlət qulluqçusu" sayılan 50 nəfər işdən çıxarılacaq?

MSK-da qanunsuz

Aktual

21 Aprel 2022, 13:00

Hesablama Palatası ötən il Mərkəzi Seçki Komissiyasının 50 nəfəri birbaşa vəzifəyə təyin etməklə "dövlət qulluqçusu" adı ilə işə götürdüyünü müəyyənləşdirib. Palatanın məlumatına görə, dövlət qulluğuna qəbul test imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun həyata keçirilməlidir. Lakin 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

 

Qeyd olunan hal və dövlət qulluğuna qəbul qaydalarının pozulmasının dövlətin kadr potensialına mənfi təsir riski nəzərə alınaraq, göstərilən qaydada işə qəbul edilmiş şəxslərin hüquqi statusunun "Dövlət qulluğu haqqında" qanuna uyğunluğu ilə bağlı yaranmış məsələnin qiymətləndirilməsi üçün Milli Məclisə, Dövlət Qulluğunu İdarəetmə Şurasına və Dövlət İmtahan Mərkəzinə təkliflər göndərilib.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev prosesin hüquqi tərəflərini izah edib. Ə.Nuriyev xatırladıb ki, Mərkəzi Seçki Komissiyasının Aparatı bütövlükdə dövlət qurumudur:


“Bu Aparatın vəzifəli şəxslərinin təyin edilməsi “Dövlət Qulluğu haqqında” Qanunla müəyyənləşir. Həmin şəxslər ümumi müsabiqədən keçməli, imtahan verməlidirlər.

 

İmtahan iki mərhələdən ibarətdir. Birinci mərhələ test imtahanı, ikinci mərhələ isə ümumi müsahibədir. Bundan keçməyən şəxslər dövlət qulluqçusu sayıla bilməzlər. Ayrı-ayrı dövlət qurumlarında şəxslərin işə götürülməsi bəzi hallarda zərurət olur, həmin şəxslər müqavilə əsasında işə götürülürlər və dövlət qulluqçusu sayılmırlar.

 

Hesablama Palatası diqqəti ona yönəldir ki, bu şəxslər dövlət qulluqçusu olmasalar belə, onlara dövlət qulluqçusunun imtiyazları və əməkhaqqı verilir. Palata tərəfindən maliyyə auditi həyata keçirilərkən təkcə Mərkəzi Seçki Komissiyasında deyil, digər qurumlarda da belə hallara rast gəlinib”.

 

Hüquqşünasın sözlərinə görə, məsələ ilə bağlı sonrakı addımlar həmin dövlət qurumlarının müvafiq vəzifələrlə bağlı vakansiyaları Dövlət İmtahan Mərkəzinə təqdim etməsidir:


“Dövlət qurumu vakansiya yarandığı andan bir ay müddətində Dövlət İmtahan Mərkəzinə məlumat verməlidir. Bundan sonra DİM tərəfindən ümumi müsabiqə elan olunur. Rəqabət aparmaqla, müsabiqədən keçən şəxslər vəzifələri tutmaq imkanı əldə edirlər.

 

Bu imkanı əldə edə bilməsələr, əmək müqaviləsi ilə işləyən həmin şəxslərin dövlət qulluqçusu kimi əməkhaqqı almaq, imtiyazlardan istifadə etmək imkanı olmamalıdır. Onların fəaliyyəti yalnız əmək müqaviləsi ilə nizamlanmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi