Azərbaycanda ekoloji tarazlığın qorunmasında mühüm rol oynayan meşə təsərrüfatından bəhrələnməklə bərabər, yaşıllıqları qorumağı və gələcək nəsillər üçün sağlam mühit təmin etməyi də hər kəs özünə borc bilməlidir.
Modern.az xəbər verir ki, meşələrin məhv olmasının əsas səbəblərdən biri onun xüsusən, yay aylarında yanğınlara məruz qalmasıdır. Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir.
Vurğulanmalıdır ki, meşələrdə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranma və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən yaranır. Xüsusilə, isinmək, yemək hazırlamaq üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir.
Yay aylarında meşələrdə yanğın təhlükəsinin qarşısının alınmasını zəruri hesab edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) artıq bu sahədə maarifləndirmə xarakterli tədbirlərə start verib. ETSN, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı Nazirliklərinin nazir müavinlərinin, Baş Prokurorluğun əməkdaşlarının və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə rayonlarda “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda görüşlər keçirilir.
Görüşlərdə çıxış edən nazir müavini Firdovsi Əliyev yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb. F. Əliyev söyləyib ki, meşə fondu ərazilərində və digər yaşıllıq sahələrində qeydə alınan yanğın hadisələrinin əksəriyyəti insanların ehtiyatsızlığından irəli gəlir. Havaların istiləşməsi, küləkli hava şəraitinin üstünlük təşkil etməsi isə meşə yanğınlarının baş vermə təhlükəsini artırır.
ETSN yanında İctimai Şuranın sədri Amin Məmmədovun fikrincə, meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir:
“Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması xüsusilə təhlükəlidir.
Meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və s. alışa bilən maddələr atmaq olmaz. Dövlət meşə torpaq fondu və buna həmsərhəd sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılmasına icazə verilməməlidir. Bütün bunlarla bağlı əhalinin maarifləndirilməsi aparılır, o cümlədən müvafiq strukturlarda çalışan şəxslərin yay aylarında daha məsuliyyətli və diqqətli nəzarət həyata keçirməsinin vacibliyi çatdırılır. Artıq müxtəlif rayonlarda həyata keçirilən birgə təlimlər zamanı bu kimi məsələlərlə əlaqədar məlumatlandırmalar genişləndirilir”.