Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var. Həm qiymət fərqliliyi, həm də keyfiyyət baxımından bu sahədə müsbət yeniliklərin edilməsi zəruri hesab olunur. Xüsusilə tərcübəsiz sürücülərin şirkətlərdə taksi fəaliyyətinə cəlb olunması zaman-zaman qəzalara gətirib çıxarır ki, bu da vətəndaşları ciddi narahat edir.
Bəs taksi fəaliyyəti üzrə nə kimi dəyişikliklər olmalıdır? İlk olaraq hansı neqativ hallar aradan qaldırılmalıdır?
Bu barədə Modern.az-a danışan nəqliyyat və yol məsələləri üzrə ekspert Ərşad Hüseynov taksi fəaliyyəti sahəsində ciddi rəqabətin olduğunu söyləyib. Xidmətin keyfiyyətinə gəlincə, ekspert bu istiqamətdə işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
“Rəqabət nəticəsində taksi xidmətləri çox ucuzdur. Vurğulanmalı məsələ təkcə xidmət haqqı deyil, digər məsələlər də yerində olmalıdır. Həmin məsələlər yol hərəkəti təhlükəsizliyi, taski sürücülərinin iş və istirahət rejimi, taksi fəaliyyətinin qanun çərçivəsində həyata keçirilməsidir. Hazırda rəqabət mühitini təhlil etsək görərik ki, taksi sürücüləri ilə sərnişinlər arasında əlaqə yaradan şirkətlər rəqabətlərini sürücülərin hesabına qururlar. Onlar işlərini elə qurublar ki, sürücülər sutka ərzində 14 saat işləməlidir, bu da qanuna ziddir. Çünki əmək qanunvericiliyi, nəqliyyat sahəsində sürücülərin fəaliyyətinə dair qanunvericilik sürücünün bir sutka ərzində cəmi 8 saat işləməsinə icazə verir. Nəticədə yanlış manevrlər, qəzalar olur. Həmin şirkətlər öz aralarındakı rəqabəti gediş haqqına görə qururlar. Gediş haqqlarında da sürücüyə düşəcək məbləğdə ciddi problemlər olur. Bəzən kartla ödəniş zamanı ƏDV-lərin çox çıxılması da aqreqatrların gizli oyunlarından biridir. Sürücülər 14-16 saat işləyirlər ki, normal pul qazansınlar”, - ekspert vurğulayıb.
Ərşad Hüseynov bildirib ki, şirkətlər taksi fəaliyyəti üçün fərqlənmə nişanı olmayan sürücüləri qanunsuz olaraq xidmətə cəlb edirlər:
“Bu cür rəqabət mühiti xeyli problemin olduğunu göstərir. Görüləcək işlərə gəlincə, həmin şirkətlərin fəaliyyəti, statusu hüquq normaları ilə tənzimlənməlidir. Kimləri xidmətə cəlb edə bilərlər, cəlb etdikləri insanın neçə saat işləməsinə şərait yarada bilərlər, bunlar nəzərə alınmalıdır. Sadalanan məqamlar yerinə yetirilsə, rəqabət mühiti də sağlam olar”.