Modern.az

“Dəhşətli qətllər daha da artacaq” – HƏYƏCAN TƏBİLİ

“Dəhşətli qətllər daha da artacaq” – HƏYƏCAN TƏBİLİ

Aktual

23 Aprel 2022, 16:54

"Təəssüflər olsun ki, son günlər eyni motivdə olan cinayət hadisələri həndəsi silsilə ilə artır. Səbəblər çoxdur. Başlıca səbəb cəhalət, maarifsizlik, insanların elmdən və reallıqdan uzaqlaşmasıdır." 

 

Bunu Modern.az-a psixoloq Elmir Əkbər son vaxtlar ailədaxili cinayətlərin artmasından danışarkən deyib.

 

Psixoloq hesab edir ki, cinayətlərin artmasında sosial şəbəkələrin də təsiri qaçılmazdır: "İnsanlar mütailə etmir, elmdən uzaq olurlar. Görürük ki, sosial şəbəkələrdə və mediada aqressiv, neqativ hadisələr həddindən artıq təbliğ olunur. Ən çox baxılan, izlənən videolar aqressiya, qəzəb hissi məzmunlu olur. Bunun da nəticəsi olaraq görürük ki, hansısa cinayət əməli sosial şəbəkələrdə dələduzlar tərəfindən qeyri-peşəkarcasına paylaşılır. Yayılan videolar potensial cinayətkarların şüuraltında olan meyilləri oyadır. Bir müddət əvvəl polis əməkdaşı polis şöbəsində öz həyat yoldaşını amansızlıqla, qəddarcasına qətlə yetirdi. Belə insana necə odlu silah həvalə etmək olar? Əlbəttə, cinayətlərin baş verməsində müxtəlif səbəblər mövcuddur".

 

Elmir Əkbərin sözlərinə görə, ən böyük problemlərdən biri Azərbaycanda psixologiyanın, psixaterapiyanın sıfır səviyyəsində olmasıdır:

 

"İdarə və müəssisələrdə psixoloqlar yoxdur, bunun da artan cinayətlərdə rolu var. Profilaktik tədbirlər aparılmır. Koronavirus başlayan vaxtı Beynəlxalq Psixiatriya Assosiasiyası bildirdi ki, xəstəliyin bədənimizə vurduğu fiziki zərərlərdən daha ağır fəsadı insan psixikasına təsiri olacaq. Bu cinayətləri ehtimal etməli və araşdırmalı idik. Xüsusi karantin günlərini insanlar evdə keçirməli oldular ki, bu da müxtəlif mexanizmlər əsasında insanların şüaraltında yığılan, toplanıb qalmış hansısa qüsurları, problemləri aşkara çıxardı. Nə qədər qüsurlar, problemlər vardısa, hamısı "çiçəklədi" və "bəhrə verdi". Nəticə etibarı ilə bugünkü acınacaqlı vəziyyətin şahidi oluruq." 

 

Psixoloq, həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdır. Çünki dəhşətli qətllər daha da artacaq:

 

"Ailələrin ilkin olaraq sağlam bünövrə əsasında qurulmamağı, kənar şəxslərin ailəyə neqativ təsiri cinayət səbəblərindəndir. Qətlə yetirilmiş qadınlar ailədəki problemlə bağlı hüquq-mühafizə orqanlarına vaxtında müraciət etmirlər, həmin qadının ata-anası vaxtında dəstək çıxmır, onların da bu cinayətlərdə əli var. Eyni zamanda qətlə yetirən şəxsin ailəsinin də rolunu qeyd etməliyik. İnsan bir günə qatil olmur, valideyni onu tanıyır. Məsələyə çox ciddi yanaşmaq lazımdır yoxsa, cinayətlərin sayı xeyli artacaq."

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi