Modern.az

Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı

Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı

Aktual

27 Aprel 2022, 13:36

Dünya Azərbaycanlılarının V Qurultayının Qarabağda, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi ilə Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı.

 

Bu qurultay öz tarixi və siyasi əhəmiyyəti ilə fərqlənir. İlk növbədə, Dünya Azərbaycanlılarının V Qurultayı kimi mötəbər və böyük siyasi önəm daşıyan tədbirin işğaldan azad olunmuş Şuşa şəhərində keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, Qarabağ Azərbaycandır! Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gəlmiş diaspor nümayəndələri, həmçinin qonaqlar ermənilərin faşizm xislətinin şahidi olmaqla yanaşı, postmüharibə dövründə Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri ilə də yaxından tanış oldular.
Digər tərəfdən, qurultayın “Zəfər qurultayı” adlandırılması da təsadüfi deyildi, çünki bu, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu qurultayın keçirilməsi ilə  dünya azərbaycanlılarının təşkilatlanması və fəaliyyətində yeni bir mərhələ başlandı.

 

Cənab Prezidentin qurultaydakı çıxışı isə siyasi əhəmiyyəti ilə dünya mətbuatının diqqət mərkəzindədir. İlham Əliyev söylədiyi nitqində bir sıra regional və beynəlxalq əhəmiyyətli məsələlərə toxunmuş, həmçinin Ermənistana və  onun himayədarlarına bir sıra mühüm mesajlar vermişdir. 

 

Ölkə başçısı postmüharibə dövrünün reallıqlarından danışarkən demişdir: “Biz bundan sonra ancaq və ancaq güclənəcəyik və postmüharibə dövrü bunu bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim gücümüzü göstərdi. Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və artıq il-yarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq. Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur.”

 

Qarabağın düşmən işğalından azad edilməsi Azərbaycanın qarşısında duran tarixi missiya idi. Bu tarixi missiyanı cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımız, rəşadətli ordumuz həyata keçirdi.  Müstəqillik illərində vətənpərvərlik ruhunda yetişmiş gənclər bu tarixi zəfəri Azərbaycan xalqına bəxş etdilər.

 

 Azərbaycan 30 il davam edən və heç bir məna kəsb etməyən danışıqlardan sonra öz gücünü ortaya qoydu. Bir sıra beynəlxalq təşkilatların bərpa edə bilmədiyi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünya Azərbaycan xalqının qüdrətinə şahid oldu. Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb.

 

Azərbaycanın qazandığı tarixi zəfərə dünya azərbaycanlıları da öz töhfələrini vermişlər. Xüsusilə siyasi cəbhədə qazandığımız qələbədə dünya azərbaycanlılarının  rolu danılmazdır. Belə ki, müharibə dönəmində müxtəlif ölkələrdə yaşayan milyonlarla həmvətənimiz müharibənin gedişatını yaxından izləyir, bütün imkanlarından istifadə edərək Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdı.

 

İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması böyük rəmzi məna daşıyır. Çünki bu müharibədə Azərbaycan xalqı qələbəni vahid amal ətrafında birləşərək, əsl həmrəylik, birlik nümayiş etdirərək qazandı. Bu baxımdan, xalq-iqtidar birliyi Azərbaycanın qazandığı zəfərdə xüsusi rol oynadı. Azərbaycan xalqı öz lideri ətrafında dəmir yumruq kimi birləşdi. Müharibə zamanı  Azərbaycan Ordusunda bir nəfər belə fərarinin olmaması xalqımızın qələbəyə inamının, xalq-iqtidar birliyinin ən bariz nümunəsidir.

 

Qarabağın öz əzəli və əbədi sahiblərinə qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətdir. Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətəndaşlarıyıq.

 

Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi əbədi yaşayacağıq”.

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi