"İnsan alverinə cəlbetmə ilə bağlı ənənəvi üsullarla yanaşı, yeni metodlar da tapılır. Cinayətkarlar artıq internet üzərindən vətəndaşları insan alverinin qurbanına çevirirlər. Bununla bağlı addımların genişləndirilməsinə ehtiyac olduğunu düşünürəm".
Modern.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məruzəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, şirnikləndirici iş elanları xüsusilə araşdırılmalıdır:
"Bəzi ölkələrdə insan alverinə qarşı mübarizə aparılmır, hətta dövlət orqanları tərəfindən dəstəklənir. ABŞ-ın İnsan alveri ilə bağlı hesabatında isə Azərbaycan həmin ölkələrlə eyni sırada verilir. Məsələ, elə ABŞ-ın media azadlığı ilə bağlı hesabatında ölkəmizə qarşı bu cür mövqedən çıxış edilib”.