Modern.az

Dəbdəbəli qəbir daşlarına niyə icazə verilir...

Dəbdəbəli qəbir daşlarına niyə icazə verilir...

Aktual

7 May 2022, 09:34

Azərbaycanda qəbir daşlarının vahid formada tətbiqi haqqında qanun hazırlansa da, indiyədək icra olunmayıb. Belə ki, məzar daşlarının dəbdəbədən kənar, sadə formada hazırlanması üçün ümumi qaydalar və tələblər mövcuddur. Lakin bu tələblər yerinə yetirilmir və hər kəs istədiyi formada, ölçüdə qəbir daşlarını hazırlatdıra bilir.

 

Bəs tələblərə niyə əməl olunmur? Dəbdəbəli qəbir daşlarının yığışdırılması niyə mümkünsüzdür?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Bayramov dəbdəbəli qəbir daşlarına icazə verilməsi məsələsinə aydınlıq gətirib. 

 

Onun sözlərinə görə, vahid məzar daşları haqqında qanun yeni salınacaq məzarlıqlara aiddir. Deputat bildirib ki, əvvəldən mövcud olan məzarlıqlarda qəbirlərin yeni formada tərtib edilməsi tələb olunmur.

 

“Hələ yeni məzarlıqlar salınmayıb, insanlar köhnə məzarlıqlarda mərhumlar üçün istədikləri qəbir daşlarını qoya bilirlər. Bu məsələlər tənzimlənmir. Əslində qanun mövcuddur və buna nəzarət olunmalıdır. Nəzarət isə mövcud deyil. Məzarlıqlara bələdiyyələr nəzarət edir. Özəl məzarlıqlar olsa, icra hakimiyyətləri nəzarətdə saxlamalıdır. Bu məzarlıqlar və oradakı qəbir daşları vahid formaya uyğun olmalıdır, nəzarət edilməlidir”, - parlament üzvü vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanda qəbiristanlıqlardakı intizamsız vəziyyət cəmiyyəti narahat edən məsələlərdən biridir və bu problemin hansı qaydada tənzimlənməsi ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılır, münasibət bildirilir və təkliflər irəli sürülürdü. İnsanların narahatlığı nəzərə alınmaqla bir neçə il öncə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi tərəfindən “Qəbiristanlıqlar haqqında” yeni qanun layihəsi hazırlanıb.

 

Qanun layihəsində qəbiristanlıqların mühafizəsi, qəbrlər üçün torpaq sahələrinin ayrılması, qəbir daşlarının ölçülərinə nəzarət olunması və digər məsələlərin tam olaraq bələdiyyələrə həvalə olunması nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi