Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 9-da Türkiyənin Ankara və Karaman şəhərlərinə səfər edəcək.
Modern.az xəbər verir ki, komitə sədri Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində Ə.Əmiraslanov Karaman şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 7-ci iclasında və “TÜRKPA üzvü olan dövlətlərdə pandemiya ilə mübarizə” üzrə seminarda iştirak edəcək.
Komissiyanın 7-ci iclasında, komissiyanın sədri Əhliman Əmiraslanovun “TÜRKPA üzvü olan ölkələrdə səhiyyə sistemlərinin uyğunlaşdırılması”na dair tövsiyə qərarının layihəsi barədə məruzəsi nəzərdə tutulub.
Seminarın sessiyalarında isə qurumun üzvü olan dövlətlərdə pandemiya ilə bağlı müvcud vəziyyət və bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər mayın 14-də başa çatacaq.