Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) təzyiqə məruz qalan jurnalist haqqında məsələnin gündəmdə saxlanmasının tərəfdarıdır.
Modern.az xəbər verir ki, bununla bağlı İttifaqın rəhbəri Müşfiq Ələsgərli məlumat yayıb. O bildirib ki, jurnalist Aytən Məmmədovanı təqib edən və hədələyən şəxs cəzalandırılmalıdır:
"Aytən Məmmədova peşəkar jurnalistdir, media sahəsində uzunmüddətli fəaliyyəti var. Məhkəmə prosesləri barədə informasiyalar, reportajlar hazırlayan jurnalistlər sırasında tanınmış imza sahiblərindəndir. Bir peşəkar olaraq ixtisaslaşdığı sahənin prinsiplərini, həmçinin, təhlükəsizlik qaydalarını yaxşı bilir. Belə bir jurnalisti təhdid edənlərə, yaşadığı binaya qədər izləyib boğazına bıçaq dirəyənlərə, məhkəmələrdən yazı yazmamağı tələb edənlərə ən kəskin formada cavab verilməlidir. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olaraq məsələni gündəmdə saxlamağa çalışacağıq. Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin mütləq tapılıb, cəzalandırılması zəruridir".
Qeyd edək ki, paytaxtın Binəqədi rayonu, 9 mikrarayon, Mir Cəlal küçəsi 11 ünvanında yaşayan jurnalist A. Məmmədova binanın blokuna daxil olarkən naməlum şəxs bıçaqla ona hücum edib. Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb