Xızı Rayon İcra Hakimiyyətinə qəbula gələn şəhid ataları ilə icra başçısı arasında mübahisə yaranıb. Sosial şəbəkələrdə bununla bağlı videogörüntülər yayılıb.
Belə ki, şəhid ataları Xızının icra başçısı Xəzər Aslanovdan narazılıq ediblər. Bildirilib ki, icra başçısı onunla görüşmək istəyən şəhid atalarını qəbul etməyib. Bundan əlavə, şəhid yaxınları icra başçısının onlarla maraqlanmamasından şikayətləniblər.
Məsələni dəqiqləşdirmək üçün Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Mövlam Rüstəmli Modern.az-a açıqlamasında icra başçısı ilə şəhid ailələri arasında münaqişənin baş verməsi barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
“İcra başçısı Xəzər Aslanov həmin görüntülərdən sonra geri qayıtdı. Bütün şəhid ailələrini və qaziləri qəbul etdi. Hər kəs görüşdən razı qaldı. Rayon icra hakimiyyəti hər zaman şəhid ailələri və qazilərə xüsusi diqqətlə yanaşır”, - deyə M. Rüstəmli vurğulayıb.