Modern.az

Məzahir Süleymanzadənin vəfatı ilə bağlı NEKROLOQ

Məzahir Süleymanzadənin vəfatı ilə bağlı NEKROLOQ

Aktual

11 May 2022, 12:16

Azərbaycan Mətbuat Şurası jurnalist Məzahir Süleymanzadənin ölümü ilə bağlı nekroloq yayıb. 

 

Modern.az xəbər verir ki, nekroloqda deyilir:

 

"Azərbaycan jurnalistikasına ağır itki üz verib. Mənalı həyatını söz sənətinə həsr etmiş, keçdiyi ömür
yolu peşəyə sədaqət nümunəsi kimi dəyərləndiriləcək qələm sahibi, Azərbaycan Mətbuat Şurasının
Ağsaqqallar Məclisinin rəhbəri Məzahir Süleymanzadə vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə
dərin hüznlə başsağlığı veririk.


Süleymanzadə Məzahir Bəybala oğlu 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə
Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-
Diyarşünaslıq Muzeyinə rəhbərlik edib. Hərbi xidmət müddətində Zaqafqaziya Hərbi Dairəsinin
Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib.
1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb.


M.Süleymanzadə müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya Zvezda”, “İdman” – “Sport”
qəzetlərində, “Sovetski voin” jurnalında çalışıb. Daha sonra “Kommunist” (indiki “Xalq qəzeti”)
qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.


1989-cu ildə böyük əziyyətlər hesabına Azərbaycanın müstəqil mətbuatının ilk qaranquşlarından
sayılan “Səhər” qəzetini yaradıb. Bu nəşr 1990-cı ilin 20 Yanvar qırğınından dərhal sonra buraxılmış
nömrəsinə görə mətbuat tariximizdə 2 milyon tirajla oxuculara çatdırılan ilk qəzet, şəhidlərimizin
xatirəsinə ucaldılmış möhtəşəm söz abidəsi kimi tarixə düşüb. Çoxşaxəli yaradıcılıq diapazonuna malik
M.Süleymanzadə Azərbaycan Televiziyasında proqram aparıcısı, radionun məşhur “Bulaq” verilişinin
daimi müəlliflərindən biri olaraq tanınıb. Bununla yanaşı o, ölkəmizdə idman jurnalistikasının inkişafına
da müstəsna töhfələr verib.


Müxtəlif illərdə pedaqoji fəaliyyətilə diqqət çəkmiş veteran jurnalist yazıçı və publisist qələminin uğuru
ilə də hər kəsi sevindirib, oxucuların dərin rəğbətini qazanıb. Onun çoxsaylı kitablarında özünü
göstərmiş yaradıcılıq dəst-xətti Vətənə, torpağa, dogma yurda misilsiz bağlılıq nümunəsidir. Mövzu
dairəsinin genişliyi və zənginliyi jurnalistin söz sənətində vətənpərvərlik anlayışına verdiyi bənzərsiz və
təkrarsız tərifdir.


Çoxillik əməyi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş M.Süleymanzadə “Əməkdar
mədəniyyət işçisi”, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. O, eyni zamanda
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz”
Ali mükafatı, həmçinin Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə təltif edilib.


Səmimiyyət, işgüzarlıq, qayğıkeşlik, nəciblik və alicənablıq nümunəsi, söz sənətinin təəssübkeşi olan
ustad jurnalist Məzahir Süleymanzadənin yoxluğu onu tanıyan hər kəs üçün son dərəcə ağırdır. Bir
daha mərhumun doğmalarına, əzizlərinə, saysız-hesabsız həmkarlarına, dostlarına dərin hüznlə
başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük.


Allah rəhmət eləsin!"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi