Milli Məclisin deputatları mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.
Bu barədə Modern.az-a tədbirin təşkilatçılarından olan deputat Fatma Yıldırım məlumat verib. Fatma Yıldırım bildirib ki, liseyi deputatlar Afət Həsənova, Vüqar Bayramov, Ceyhun Məmmədov, Mahir Abbaszadə, Arzu Nağıyev, Əminə Ağayeva, Anar Məmmədov, Aqil Məmmədov və Ramin Məmmədovla birlikdə ziyarət ediblər:
"Ziyarətimizin bu tarixdə baş tutması heç də təsadüfi deyildi, çünki hələ 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə bu məktəbin təməlinin qoyulması Azərbaycanda milli hərbi kadrların yetişdirilməsinə istiqamətində tarixi addım olub.
Xüsusilə qeyd lazımdır ki, ulu öndərin yaratdığı bu hərbi liseyin məzunları həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Zəfərin qazanılmasında böyük şücaət göstəriblər. Ziyarətimiz zamanı hərbi liseydə Heydər Əliyev Muzeyini ziyarət etdik, gənc kursantlar və müəllim zabit heyəti ilə görüş keçirdik. Bu ziyarətin həyata keçirilməsində bizə göstərdiyi dəstək üçün Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi cənab general-mayor Bəkir Orucova və maraqlı təqdimat üçün polkovnik Abdulla Qurbaniyə dərin təşəkkürümüzü bildiririk və liseyin gələcək fəaliyyətində uğurlar arzu edirik!"