"Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ulu öndər Heydər Əliyevin doğum günündə Füzuli və Şuşaya səfər etməsi böyük rəmzi məna daşıyır və səfər zamanı işğaldan azad olunmuş ərazilərdə gedən tikinti, bərpa, quruculuq işləri ilə tanışlıq, bir sıra yeni obyektlərin təməlinin qoyulması xalqımız tərəfindən sevinclə qarşılanıb".
Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, insanlar bunu haqlı olaraq Heydər Əliyev ideyalarına sadiqliyin, ehtiramın, həm də torpağa, vətənə sonsuz məhəbbətin ifadəsi kimi qiymətləndirirlər:
"Dövlətimizin rəhbərinin “Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq” kəlmələri bütün Azərbaycan xalqının ürəyindən xəbər verməklə bərabər, həm də qətiyyətin, inamın ifadəsidir, sabaha, daha böyük mübarizələrə çağırışdır. Çünki bu gün Qarabağ yenidən qurulur, işğaldan azad olunmuş torpaqlara həyat verilir. Bir səfər günündə Fizulidə peşə liseyinin, rayon mərkəzi xəstəxanasının təməlinin qoyulmasında, Şuşada "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəsinin açılışında iştirak edərək, bir neçə obyektdə gedən bərpa - quruculuq, tikinti işləri ilə tanışlıq deməyə əsas verir ki, Qarabağ həqiqətən də dövlətimizin rəhbərinin düşünülmüş planları, tədbirləri əsasında tez bir zamanda cənnətə çevriləcək və region dünyanın ən gözəl məkanı kimi tanınacaq".
"Prezidentimizin müraciəti hər birimizin qəlbini riqqətə gətirdi. Dövlət başçısı “Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın ruhu şaddır” söylədi. Həm təsirləndi, həm də ata vəsiyyətinə əməl etdiyi, andına sadiq olduğu üçün qürur duyurdu. Bəli, dövlət başçısı ərazilərimizin, heç vaxt unutmadıqlarımızın ruhunu sevindirdiyi üçün qürurludursa, Azərbaycan xalqı cənab İlham Əliyevə etimad göstərdiyi, inandığı, hörmət bəslədiyi üçün qürurludur, xoşbəxtdir. Bu sevgini, məhəbbəti yaşatdığı və əbədiləşdirdiyi üçün də xalqımız qüdrətlidir, həmrəydir və qalibdir", - komitə sədri vurğulayıb.