“Nəhayət, bu gün kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV ləğv edildi. Azərbaycan dilində lazımi kitabların tapılması müstəqilliyin ilk günlərindən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır. Səbəb bir deyildi. Məsələn, tərcümə problemi, termin problemi, oxucu azlığı və istəksizliyi”.
Bu sözləri Modern.az-a kağız məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı danışan iqitsadçı Eldəniz Əmirov deyib.
İqtisadçı bildirib ki, ən böyük problem maliyyə məsələ olub. İstər tərcümə edilən, istərsə də yeni yazılan kitabların ərsəyə gəlməsi üçün xeyli vəsait lazım olur:
“Yuxarı maya dəyəri və bərbad satış səviyyəsi kitab sənayesini torpaqda sürüdür. Buna görə də zaman-zaman həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının ƏDV-dən azad edilməli olduğunu deyirdik. Bu gün Nazirlər Kabineti məhz həmin qərarı təsdiqləməklə kitabsevərləri sevindirdi. Düzdür, cənab Prezident tərəfindən 2021-ci ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən sonra bu qərar gözlənilirdi. Çünki, ƏDV-dən azad edilən mal və məhsulların siyahının təsdiqlənməsi Nazirlər Kabinetinə tapşırılmışdı”.
E.Əmirov söyələyib ki, çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini azaltmaqla kitab sənayesinin inkişafına təkan veriləcək:
“Hər halda ilkin ehtimal budur. Çünki ƏDV-dən azad etmə bir sahənin inkişafı üçün ən yaxşı dəstək formasıdır. Amma insanların telefonlardan və "Tik-tok"dan gözünü ayırıb kitab oxumaq həvəsi artmasa, nəinki ƏDV-dən azad etmək, heç subsidiyalaşdırmaq da kitab sənayesini inkişaf etdirə bilməz”.
Qeyd edək ki, Baş nazir Əli Əsədov Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.