Parlamentdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının qanunu”na dəyişiklik təklif edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu parlamentə müraciət edib. Deputat şəhid statusunun verilməsi qaydasına əlavələr edilməsinin tərəfdarı olduğunu vurğulayıb:
"Ölkəmizdə hər zaman şəhidlərimizin xatirəsinə böyük ehtiram nümayiş etdirilir, şəhidlərin ailə üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunur. Şəhid adının verilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Belə ki, sözügedən qanunun birinci maddəsinə əsasən, Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir".
Deputat ona edilən çoxsaylı müraciətlərə əsaslanaraq deyib ki, 44 günlük Vətən müharibəsi dövründə bəzi hallarda hərbi xidmətdə olan, səfərbərlik üzrə hərbi xidmətə çağırılmış əsgərlərimiz biləvasitə döyüş şəraitində deyil, döyüş bölgəsində hərbi xidmət keçən və ya hərbi tapşırıqları yerinə yetirən zaman hər hansı bir bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər.
"Məsələn, Vətən müharibəsi dövründə bəzi əsgərlərimiz avtomobil qəzası, silahla ehtiyatsız davranma, yanğın zamanı və bu kimi bədbəxt hadisələr nəticəsində həyatlarını itiriblər. Onlara şəhid adının verilməsi mövcud qanunvericiliyin müddəalarına əsasən mümkün olmur. Bu baxımdan, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının qanunu”nun birinci maddəsinə qeyd edilən halları da əhatə edəcək dəyişikliyin olunmasını təklif edirəm. Məsələn, dəyişikliyin bu şəkildə edilməsinin mümkünlüyünü nəzərdən keçirmək olar: Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, Vətən müharibəsi zamanı döyüş bölgəsində hərbi xidmət keçən və ya hərbi tapşırıqları yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirən, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Hesab edirəm ki, sözügedən qanuna belə bir dəyişikliyin edilməsi Vətən müharibəsi dövründə hər hansı bir bədbəxt hadisə nəticəsində həyatını itirmiş əsgərlərimizin doğmaları və yaxınları üçün böyük təsəlli olardı", - deyə parlamentati təkliflə çıxış edib.