Dünyada ən çox təbii sərvətə - neft və qaz ehtiyatına malik 17 ölkədən 3-ü İƏT ölkəsidir.
Modern.az xəbər verir ki, bunu Pakistan parlamentinin sədri Pərviz Əşrəf İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.
O qeyd edib ki, Qazaxıstan, Türkmənistan və İran ən çox təbii ehtiyatlara sahib olan ölkələr sırasındadır:
"Pakistan və Türkiyə dünyanın ilk 10 buğda istehsalçıları arasındadır. Bütün bu üstünlüklərə baxmayaraq, xalqlarımız səfalət və yoxsulluq içərisindədir. Buna görə də post-pandemiya dövründə görüləcək tədbirlər daha qüvvətli olmalıdır.
Dünya varlar və yoxlar arasında bölünməyə davam etsə, yaşamaq üçün münasib yer olmayacaq. Sülh və rifah arasında birbaşa əlaqə var.
İqtisadi tərəqqi üçün azadlığın vacibliyini igid qarabağlılardan başqa kim bizə söyləyə bilər? Regional əməkdaşlıqdan danışanda Kəşmir xalqının ağrısına necə göz yuma bilərik? Pakistan davamlı sülh üçün tərəfləri yenidən danışıqlara çağırır".
Pərviz Əşrəfin sözlərinə görə, İƏT ölkələri ümid edir ki, Sahibə Qafarovanın rəhbərliyi ilə əməkdaşlıq imkanları daha da genişləndiriləcək.