"Qeyd olunduğu kimi, Üçüncü Ümumi Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçmib. Bu gün mən Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi təşkilata sədrliyi dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi, parlamentlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək".
Modern.az xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib.
S.Qafarova qeyd edib ki, Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatını mühüm regional təşkilat hesab edir və üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır:
"Qeyd etməliyəm ki, xalqlarımızı birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir. Bu mənada, xalqlarımızın təmsilçiləri kimi, biz, parlament üzvləri xüsusi məsuliyyət daşıyırıq. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası təşkilatın hədəf və məqsədlərinin reallaşdırılmasını dəstəkləməklə yanaşı, parlamentlərimiz arasında əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir.
Azərbaycan Respublikasının Milli Məclisi Parlament Assambleyası çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verir. Assambleyanın Nizamnaməsinin ratifikasiya edilməsi bunun bariz nümunəsidir. Mən digər üzv parlamentləri də Assambleyanın Nizamnaməsini imzalamağa və ratifikasiya etməyə çağırıram. Hesab edirəm ki, bu addım üzv parlamentlərimiz arasındakı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının mövzusu olduqca aktualdır. COVİD-19 pandemiyası qlobal iqtisadiyyata, səhiyyəyə və ictimai həyatın bütün sahələrinə kəskin şəkildə təsir göstərməklə ciddi çətinliklər yaratmışdır. Təəssüf ki, dünya ictimaiyyəti bu çətinliklərə hazırlıqlı olmamışdır və böhrandan çıxış yollarının tapılması üçün müəyyən vaxt tələb olunmuşdur. Pandemiyanın yaratdığı problemlərin bir-biri ilə bağlı olması və ilk növbədə, sosial-iqtisadi yükünün ağır olması fonunda, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması üçün qlobal səylərin səfərbər olunması zəruri idi".
Parlament sədri vurğulayıb ki, Azərbaycan Respublikası bu istiqamətdə bir sıra uğurlu qlobal təşəbbüslər irəli sürüb:
"Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmiş, 2021-ci ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilmişdir. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərmiş, xəstəlik əleyhinə peyvənd ianə etmişdir.
Pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalmışdır. İndi biz növbəti addımlara hazır olmalı və gələcək mümkün çağırışlarla daha güclü mübarizə aparmaq üçün post-pandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev artıq pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsünü irəli sürmüşdür.
Şübhəsiz, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional əməkdaşlıq formatları post-pandemiya dövründə bərpa məsələləri üzrə səylərin birləşdirilməsi və həmrəyliyin nümayiş etdirilməsi baxımından yaxşı imkanlar vəd edir. Hesab edirəm ki, parlament diplomatiyasının xüsusi əhəmiyyət qazandığı müasir dövrdə biz, parlament üzvləri ölkələrimizin çoxtərəfli əməkdaşlıq səylərini dəstəkləməliyik. Mövcud dialoqumuz çərçivəsində aparılan fikir və təcrübə mübadilələri, irəli sürülən yeni ideyalar, parlament komitələrimizin mümkün birgə fəaliyyət təşəbbüsləri bu prosesə töhfə verəcəkdir".
"Düşünürəm ki, post-pandemiya dövründə ölkələrimizin maraqlarına cavab verən iqtisadi və ticari əlaqələrin əvvəlki səviyyələrinin yenidən bərpası zəruridir. Bu çərçivədə, regionumuzun iqtisadi potensialının tam şəkildə reallaşdırılması baxımından nəqliyyat-kommunikasiya xətlərinin və tranzit yollarının diversifikasiyası mühüm aktuallıq kəsb edir. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu istiqamətdə öz imkanlarını təqdim edir. Ölkəmizdə ən müasir nəqliyyat infrastrukturu yaradılmışdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan bu gün Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biridir.
Regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması post-pandemiya dövründə bərpa məsələləri üçün zəruri şərtlərdən biridir. Mən Sizlərə hazırda bu istiqamətdə gedən proseslər haqda məlumat vermək istərdim.
Bildiyiniz kimi, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuşdur. 44 günlük Vətən müharibəsinin yekununda ölkəmiz tarixi zəfər əldə edərək öz ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özü təmin etmişdir.
İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıtmış, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuşdur. Məscidlərimiz, müqəddəs ocaqlarımız təhqir olunmuşdur.
Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start vermişdir.
Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanacaqdır.
Onu da qeyd etmək istərdim ki, həyata keçirilən işlərə ən böyük maneə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olmuş və yaralanmışdır. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biri olsa da, təəssüf ki, hələ də bu istiqamətdə ən az beynəlxalq yardım alan ölkələrdən biri olaraq qalır.
44 günlük Vətən müharibəsindən artıq bir il yarım vaxt keçir. Azərbaycan Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşdırılmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif verib. Biz müharibə yox, sülh və gələcək haqqında danışmaq istəyirik.
Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Son olaraq aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə daha bir üçtərəfli görüş keçirilmişdir. Həmin ərəfədə və xüsusən bu görüşdən sonra Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul etdiyini bəyan etmişdir. Ancaq Ermənistanın bu istiqamətdə hansısa real addımlar atdığı hələlik müşahidə olunmur. Halbuki, sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilmişdir. Azərbaycan sülh danışıqlarına başlamağa da hazırdır.
Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur.
Qeyd etməliyəm ki, post münaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yaranmışdır. Əldə olunmuş razılaşmalara uyğun olaraq açılacaq yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəkdir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr də bu yeni dəhlizdən faydalanacaqlar", - deyə spiker çıxışında qeyd edib.