Modern.az

Dustaq şəkillər...

Dustaq şəkillər...

Aktual

23 Fevral 2013, 10:34

Böyüklərimiz bizə o qədər danışmışdılar ki, həmin dəmir üzlüklü, naxışlı taxta sandıq gözlərimdə sirli bir nağıla, əfsanəyə dönmüşdü. Divin canı qırxıncı otaqda saxlanılan qutuda olduğu kimi, atamın bibisinin – Afan bibinin də canı, sanki o sandıqdaydı. Onun qızlarından qohumlarımız arabir xəlvətcə soruşardılar: “Ananız sandığı açanda görmüsünüz?”. Atamın bibi qızıları çiyinlərini çəkərdilər: “Sandığı ya biz evdə olmayanda açır, ya da bizi bir işə buyurur, otaqdan çıxarır” – deyərdilər.

O sandığın içindəkiləri görən olmamışdı, amma orada nə saxlanıldığını yalnız biz yox, bütün kənd bilirdi...

Afan bibiyə söz deməyə kim ürək eləyə bilərdi? Rəhmətlik çox hikkəli qadın idi. Hisslərini hələ-hələ büruzə verməzdi. Hərdən biz uşaqlar nədənsə küsəndə, inadkarlıq eləyəndə anam: “Oxşayıb da...”, - deyərdi. Qohumlarımız onun sözlərini təbəssümləriylə təsdiq eləyərdilər. Amma kimə oxşadığımızı dilə gətirməz, Afan bibinin arxasınca belə danışmazdlar.

Hərdən onun bizi uşaqlı-böyüklü başına yığıb, müxtəlif əhvalatlar danışmağı, güldürməyi də vardı. Keçmişlərdən elədiyi söhbətlər elə maraqlı olardı ki...

Amma o ucaboylu, ağbənizli, qaragözlü, qarageyimli qadın çox zaman heykəl kimi lal-dinməz olardı. Atasını, atabir, ana ayrı tək bacısını erkən itirmişdi. İki qardaşını müharibə əlindən almışdı. Anası da, analığı da onların dərdlərinə tablaşa bilməmişdilər. Afan bibi isə elə bil bu dünyada əzizlərinin dərdini əmanət saxlamaq üçün yaşayırdı.

...Həmin o naxışlı sandığı göz bəbəyi kimi qoruyurdu. Yadigarıydı. Gəlin köçəndə anası öz cehiz sandığını ona bağışlamışdı. Amma Afan bibi ənənəni davam etdirməmiş, sandığı qızlarından heç birinə verməmişdi. Eləcə evinin yuxarı başında dururdu. Üstündə də ipək üzlü yorğan-döşəklər səf-səf düzülmüşdü. Sandığın qıfılı da vardı. Amma mənə indi də elə gəlir ki, açıq qalsaydı belə Afan bibidən çəkinib, o sandığa baxmağa kimsə cürət eləməzdi.

Biz böyüdükcə səbrimiz tükənirdi. Qohumlar isə hələ də Afan bibinin insafını oyadıb, o sandıqda saxladığını dünya işığına çıxartdırmağın yollarını axtarırdılar. Bir gün atamın yaşlı qohumlarından biri - Nənəş bibi dedi: “Bunu bircə adam bacarar, Afan Dədənin sözünü yerə salmaz!”.

“Dədə” dedikləri mənim qardaşımdı. Babamızın atasının adını verdikləri uşağı adıyla yox, belə çağırırdılar.

Orta məktəbdə tətil başlamışdı. Yay çox isti keçirdi. Nənəş bibigil bizi günün günorta çağı Afan bibigilə yolladılar. Ssenari beləydi: Böyüklər bu məsələyə müdaxilə etməyəcək, qardaşım xasiyyətinə uyğun ərköyünlüklə sandığı bibiyə açdıracaqdı. Belə də oldu. Bizim gəlişimizdən uçmağa qanad axtaran, evdəkilərə yemək tədarükü üçün göstərişlər verən Afan bibiyə qardaşım böyük-böyük dedi: “Yemək istəmirəm. Bilirsən nəyə gəlmişəm? Sən oğlumun şəklini niyə mənə vermirsən? İndiyə qədər səndə olub, bundan sonra da məndə qalmalıdır”.

Atasının adını daşıyan bu uşaq Afan bibini güldürməyi, könlünü almağı hamımızdan yaxşı bacarırdı. Yenə onun sözlərinə gülmək istədi. Sifəti dartıldı. Qara gözlərindəki dərd böyüdü. Birdən yaşına yaraşmayan çevikliklə ayağa qalxdı. Məşhur sandığın üstündəki yorğan-döşəkləri tələsik yerə tökdü. Sandığı açdı. Qara ipək bükülünü çıxartdı. Onun içərisindən baş barmaq böyüklükdə saralmış bir şəkil çıxarıb qardaşıma uzatdı. Qardaşım şəkli göydə aldı. Dərhal qapıya tərəf üz qoydu: “Sağ ol, mən getdim”. Biz də onun ardınca düşdük. Afan bibi bu dəfə qalıb yemək yaməyimiz üçün bizi dilə tutmadı.

Sanki xəzinə tapmışdıq. Bizi gözləyənləri müjdələmək üçün qaranəfəs evə gəldik.

Balaca, saralmış şəkil əlldən-ələ gəzdi. Ata qohumlarım şəkli öpüb-oxşadılar, ağladılar. Özü müharibədə həlak olmuş, yeganə şəkli isə uzun illər bacısının sandığında dustaq qalmış babamızın üzünü biz o gün gördük. Qardaşım günün qəhrəmanı idi. Onun bu igidliyi tezliklə bütün kəndə yayıldı.

Bu dəfə də nənəm həyat yoldaşının şəklini öz cehiz, dəmir üzlüklü, naxışlı sandığına köçürmək, qara örtüyə büküb orada saxlamaq istədi, qardaşım imkan vermədi. Şəkli rayon mərkəzinə apardı. Nənəmin şəkli ilə birlikdə böyütdürüb gətirdi, təntənə ilə divardan asdı.

Bu gün də ata evimizin divarından həmin şəkil asılıb. Artıq Afan bibim də, Nənəş bibim də, nənəm də həyatda yoxdurlar. Amma o şəkil olacağı yerdə qərar tutub.

...Bunu hələ o zaman - 1994-ci ilin mayında Afan bibinin böyük qızının - Rəfiqə bibinin 19 yaşlı oğlu Kərəm Məmmədovun Murovdağdan qara xəbərini aldığımız gün düşündüm. Rəfiqə bibim şəhid oğlunun tabutunu qucaqlayıb ağlayırdı. Arabir heykələ dönmüş kimi lal dayanmış anasına baxıb sanki utanırdı: “Mənim balam dayılarımdan artıq deyil ki”, - deyirdi. Və mən onun haqsızlıq etdiyini fikirləşirdim. Çünki İkinci Dünya Müharibəsində şəhid olanların yaxınları əlli il idi ki, onları ağlayırdılar. O gün isə şəhid Kərəmin günü idi...

Şəhidimizi torpağa tapşırdıq. Yas mağarı quruldu. Qohumların hərəsi bir işin qulpundan yapışdılar. Kimsə mağardan asmaq üçün Kərəmin əsgər geyimli şəklini də böyütdürüb gətirdi. Rəfiqə bibim şəkli görüncə nalə çəkdi. Kimsə: “Götürün şəkili, anasının ürəyi partlayacaq”, - dedi. Düşündüm ki, bundan sonra bir əsgər şəkli də bu evdə dustaq ediləcək. Anası hər gün o şəkli gizlin-gizlin çıxarıb ağlayacaq. Ürəyim sızladı. Bu dünyadan toysuz köçmüş Kərəmin o əsgər geyimli şəklini 30 il, 40 il sonra kim tələb edəcək, “ver mənimdi o şəkil”, - deyəcəkdi?!

Hər dəfə “Azərbaycanın daha bir əsgəri...” başlıqlı xəbərlər eşidəndə sarsılıram. Hardasa gənc bir oğlanın şəklinin dustaq ömrü yaşayacağından, divarlardan asılsa belə göz yaşlarından başqa bir şey görməyəcəyindən qorxuram.

        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir