Bu gün Prezident İlham Əliyev yeni nazir müavinləri təyin edib. Dövlət başçısının imzaladığı sərəncamla Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.
Modern.az bildirir ki, nazir müavini postuna təyinat alan Samir Məmmədov 1974-cü ilin iyunun 15-də Bakı şəhərində anadan olub.
1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili, 2010-2016-ci illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil alıb və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsinə yiyələnib.
Yeni nazir müavini 1993-1998-ci illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləyib.
1998-1999-cu illərdə “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışıb. 1999-2006-cı illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru olub.
O, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub. 2008-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.
2017-2019-ci illərdə Bakı Mühəndislik Universitetində işləyib. 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.
2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Rus və ingilis dillərini bilir. Ailəlidir.