Milli Məclisin deputatı Fatma Yıldırım rayonda yerləşən XVIII əsrə aid hamama baş çəkib.
Modern.az xəbər verir ki, deputat bu abidənin baxımsız vəziyyətdə olduğunu qeyd edib:
"Mayın 25-i Bərdə rayonuna növbəti səfərimiz çərçivəsində Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova ilə birlikdə rayonun Şirvanlı kəndində yerləşən Şirvanlı hamamına baxış keçirdik. Təkcə Bərdənin deyil, bütövlükdə Qarabağ bölgəsinin nadir tarixi abidələrindən olan hamam XVIII-XIX əsrlərdə Seyid Heydər tərəfindən inşa olunub. 300 ilə yaxın yaşı olan Şirvanlı hamamının baxımsız vəziyyətdə olması təəssüf hissi doğurur. Ötən ziyarətimizdən sonra hamamın təmirinə ehtiyac olması ilə bağlı aidiyyəti üzrə dövlət qurumlarına tərəfimizdən müraciətlər olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarix və mədəniyyətimizə, abidələrimizə göstərdiyi diqqət və qayğı siyasətinə uyğun olaraq, tarixi abidəmizin tezliklə təmir olunaraq, yerli və xarici turistlərin ziyarətinə açılacağını ümid edirik".
Rayona səfəri çərçivəsində Bərdə regional “ASAN xidmət” mərkəzini də ziyarət edən deputat gənclərlə görüşüb, mərkəzin fəaliyyəti ilə tanış olub. Görüş çərçivəsində regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, “ASAN-xidmət” mərkəzi, xüsusilə “ASAN könüllüləri” ilə əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Diskussiya şəklində davam edən görüşdə, “ASAN xidmət” mərkəzinin könüllülərinin fikir və təklifləri dinlənilib.