"Bakıda ilk dəfə keçirilən “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı Azərbaycan - Türkiyə dostluğunun, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin parlaq nümunəsidir".
Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O qeyd edib ki, festival həm də Türkiyə ilə pozulmaz və əbədi əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoymasından, hər iki dövlətin ildən-ilə artan nüfuzundan, elmi texniki potensialından, hərbi qüdrətindən xəbər verir:
"Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət qardaş ölkələrimizin inkişafı ilə bərabər, dünyada sülhün, əminamanlığın, təhlükəsizliyin təmin olunmasına xidmət edir.
İndi Türkiyə və Azərbaycan dünyada söz sahibidir, ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Hər iki dövlətin müstəqil siyasət yürütməsi, öz sözünün, qərarının sahib olması, qardaşlıq münasibətləri inkişaf və
əməkdaşlıq üçün başlıca amildir".
Komitə sədri vurğulayıb ki, hər iki ölkənin iqtisadi, siyasi, sosial sahədə həyata keçirdikləri tədbirlər dünyanın gündəmindədir və bu, ordu quruculuğunda özünü daha aydın şəkildə göstərir:
"Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə, Türkiyə hərbi sənayesinin nailiyyətləri, xüsusilə “Bayraqdarların” böyük şöhrəti hər birimizdə qürur doğurur.
32 ölkənin iştirak etdiyi bu festival Azərbaycan və Türkiyənin iqtisadi, hərb və mədəniyyət sahələri ilə yanaşı, həm də elm və texnika sahəsində birliyini əks etdirir və belə tədbirlərin keçirilməsi dünya ölkələri üçün də faydalıdır. Çünki belə festivallar elmi, təfəkkürü, yaradıcılığı birləşdirir və bəşəri dəyərlərə - münasibətlərin yaxşılaşdırılmasına, əməkdaşlığın möhkəmləndirilməsinə, elmli və yaradıcı insanların təkmilləşdirilməsinə dəstəkdir. İnnavasiyaların tətbiqi bəşəriyyətin gələcəyi, inkişaf üçün önəmlidir və bu həmdə insanların kamilləşməsi baxımından əhəmiyyətlidir.
Festivalın gündəliyinə əyləncə proqramlarının, pilotaj uçuşlarının, incəsənət xadimlərinin çıxışlarının, eləcədə texniki vasitələrin yeni nailiyyətlərinin nümayişinin salınması festivala olan marağı daha da artırır və onun müvəffəqiyyətlə keçməyinə bir zəmanətdir".