"Hər hansı regionda, xəstəxanada beyin ölümü gerçəkləşən şəxsin orqanlarının transplantasiyası həmin regionda - prosesin gerçəkləşdiyi mərkəzdə edilməlidir".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat qeyd edib ki, qanunda konkret xəstəxanaların adlarının qeyd edilməsi gələcəkdə problem yaradacaq:
“Beyin ölümü gerçəkləşmiş şəxsin hansısa xəstəxanaya gətirilib orqanlarının götürülməsi mümkün deyil, orqan həmin xəstəxanada götürülməlidir. Bu gün buradakı 125 nəfərin, eləcə də vətəndaşlarımızın, yaxınlarımızın beyin ölümü gerçəkləşdikdən sonra orqanlarının bağışlanması ilə bağlı problemi var. Beyin ölümü gerçəkləşdikdən sonra biz cəmiyyət olaraq yaxınlarımızın orqanını başqa bir həyatı xilas etmək üçün bağışlaya bilmiriksə, oturub ciddi şəkildə düşünməliyik. Bu məsələ birinci həll edilməlidir. Maarifləndirmə işi gücləndirilməlidir. Bu problem həllini tapandan sonra növbəlilik və digər problemlər də həll olunacaq”.
"Bu gün Səhiyyə Nazirliyində orqan transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzinin yaradılması son mərhələdədir. Bu Mərkəzdə növbəlilik və digər məsələlər öz həllini tapacaq”, - deyə deputat əlavə edib.