"Ələt azad iqtisadi zonası haqqında" Qanunda dəyişiklik edilir.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında layihə müzakirəyə çıxarılıb.
Layihə haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri qeyd edib ki, qanuna təklif edilən dəyişikliklərə əsasən, azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradılacaq:
“Təklif edilən dəyişikliklər, həmçinin yerli sahibkarların rəqabət qabiliyyətliliyinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcək. Belə ki, bir neçə dəyişikliyi özündə ehtiva edən qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir. Bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən hüquqi şəxslərin bütün vergilərdən azad olmasıdır. Dəyişikliyə görə, artıq iqtisadiyyatın əsas vergiödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar".
Təklif edilən dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.