Milli Məclisin mayın 31-də keçirilmiş plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınmasını təklif edib. Dəfələrlə bununla bağlı parlament səviyyəsində təkliflər səsləndirilsə də, onkoloji xəstəliklərin müalicəsinin nə zaman icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil ediləcəyi haqqında açıqlama yoxdur.
Modern.az vətəndaşları maraqlandıran mövzuya aydınlıq gətirilməsi üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) sorğu ünvanlayıb.
Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, bir çox xəstəliklərlə bağlı tibbi xidmətlərin göstərilməsi dövlət büdcəsi vəsaiti hesabına, ödənişsiz aparılır:
"Belə ki, “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən onkoloji xəstəliklərin müayinə və müalicəsi Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həyata keçirilir. Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə ödənişsiz göstərilir".
Beləliklə, agentliyin yanaşmasına əsasən, onsuz da ödənişsiz aparılan xidmətlərin icbari tibbi sığortaya aid edilməsi gözlənilmir.